Məhkəmə qərarları › İş №3(011)-6143/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6143/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6143/2025 21.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə 22 iyul 2025-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən ƏLTMM Daxili nəzarət proqramı tətbiq edilməmişdir. Məsul şəxsin təyin edilməsi barədə MMX-ya məlumat verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, şirkətin fəaliyyəti istiqaməti konsultinq xidməti ilə məşğul olmaqdır. Əvvəlcə qeydiyyatdan keçməmişlər, məlumat aldıqdan sonra qeydiyyatdan keçmiş və bununla bağlı arayışı təqdim etmişlər. Göstərilənlərə əsasən qərarı məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli, № **********856100 aktdan görünür ki, Şəxs tərəfindən məsul şəxs təyin edilməsi barədə qərarın surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. İş materiallarında olan vergi yoxlamasının keçirilməsi haqqında sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən ƏLTMM Daxili nəzarət proqramı tətbiq edilməmişdir. Məsul şəxsin təyin edilməsi barədə MMX-ya məlumat verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.4-cü maddəsinə əsasən inzibati xətaya görə hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.7-ci maddəsinə əsasən, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə – vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "AZON PARTNERS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "AZON PARTNERS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "AZON PARTNERS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar