Məhkəmə qərarları › İş №3(011)-624/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-624/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-624/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən "Qızıl Ay" restoranın işçisi olaraq, onu Vəzifəli şəxs qismində AQTA Bakı RB-si tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunmuşdur. O həmin qərar ilə razılaşmır və aşağıda göstərilən hallara görə ləğv edilməsini əsaslı bilir; 1) Restoranda istifadə edilən İran qaymağının üstündə Azərbaycan Respublikasının aksiz markasının olmaması. Bildirir ki sözügedən iran qaymaqlarının üstündə Azərbaycan Respublikasının aksiz markası mövcuddur. Həmin qaymağı o Bakı ərazisində yerləşən dükanlardan alır və müvafiq qaydada qaimənidə əldə etmişdir. 2) Mətbəxdə yerləşən ev sayağı turşular. Bildirir ki, sözügedən turşular Qusar rayonun Ləcət kəndində yaşayan onun anası onun üçün hazırlamışdır və onun tərəfindən həmin turşular özü üçün istifadə olunurdu. Nəcə olur ki, Bakıda yerləşən "8 KM Bazar"da pərakəndə şəkildə ev məhsulları satılır və heç bir sənəd təqdim edilmir. Lakin onun anasının ona pay qismində göndərilən ev turşusu qadağandır? O gününün çox hissəsini restoranda keçirir və ona görədə ona məxsus yeməklərini də restoranda saxlayır. 3) AQTA Bakı RB-si tərəfindən yaranandan restoranda birinci dəfədir ki yoxlama aparılmışdır. Xəbərdarlıq vermədən cərimə etmişlər. 4) Agentliyin əməkdaşları tərəfindən yoxlamanın tam və şəffaf şəkildə aparılmamış, sübut qismində onlar tərəfindən əldə edilmiş bütün şəkillər və videolar onun tərəfindən çəkilmiş və 10 gündən sonra onların xahişi ilə göndərmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək izahatında bildirdi ki, “Qızıl ay” restoranında əlyuma çanaqlarının mövcud olmaması, mal qonşuluğu qaydalarının pozulması, toyuq, ət və yarımfabrikat məhsulların birlikdə saxlanılması, 4 ədəd hər biri 200 qram olmaqla “Toris” əmtəə nişanlı qaymaq məhsullarının üzərində Azərbaycan dilində müvafiq məlumatların - saxlanılma şəraiti, tərkibi və s.haqqında məlumatın olmaması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, şikayəti əsassız hesab edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AQTA Bakı RB-nin rəisi X7 tərəfindən tərtib olunmuş 24 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Qızıl Ay” restoranının vəzifəli şəxsi X4 barəsində tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, YP-0009 nömrəli yoxlama aparılması haqqında qərara əsasən “Qızıl ay” restoranında əlyuma çanaqlarının mövcud olmaması, mal qonşuluğu qaydalarının pozulması, toyuq, ət və yarımfabrikat məhsulların birlikdə saxlanılması, 4 ədəd hər biri 200 qram olmaqla “Toris” əmtəə nişanlı qaymaq məhsullarının üzərində Azərbaycan dilində müvafiq məlumatların - saxlanılma şəraiti, tərkibi və s.haqqında məlumatın olmaması nəticəsində X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 1500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 25 yanvar 2024-cü il tarixli 3-44-1/2-1-683/24 №-li məktubundan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən alınmış xx.xx.2023-cü il tarixli KY232067045 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2023-cü il tarixli YP- 0009 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən ünvan 1 ünvanında yerləşən fiziki şəxs X3 məxsus “Qızıl ay” restoranında keçirilən planlı yoxlama ilə əlaqədar olaraq qəbul edilmiş sənədlərin surəti X3 göndərilmişdir. 26 dekabr 2023-cü il tarixli KY232067045 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, 09 yanvar 2024 – 15 yanvar 2024-cü il tarixlərdə ünvan 3 ünvanında yerləşən “Qızıl ay” restoranında plan üzrə yoxlama keçirilmişdir. 26 dekabr 2023-cü il tarixli YP-0009 №-li Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Bakı Regional Bölməsi tərəfindən yoxlamanın aparılması haqqında qərardan görünür ki, 09 yanvar 2024 – 15 yanvar 2024-cü il tarixlərdə ünvan 3 ünvanında yerləşən “Qızıl ay” restoranında X5 və Nümayəndə tərəfindən plan üzrə yoxlama keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Hüquqi əsaslandırma: “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: 19.11-ci maddəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir; Həmin Qanuna 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş üzrə bütün halları araşdıraraq inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərarın ləğv edilməsi üçün əsas müəyyən etmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar