Məhkəmə qərarları › İş №3(011)-625/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-625/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-625/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Heydər Əliyev adına Hərbi İnstitutda tibb bacısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Orxan Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atmış və ona 580 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokolda onun guya xx.xx.2023-cü il tarixdə X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atması qeyd edilsə də, sözügedən əməl onun tərəfindən törədilməmişdir. Belə ki, su çəninin turbası, motor və filtr 2022-ci ildə Mikayılın özü tərəfindən sökülmüşdür, lakin buna baxmayaraq barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Şəxs onun anasıdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun və anası Elnarənin xx.xx.2023-cü il tarixdə X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atmaları göstərilsə də o, sözügedən əməli törətməmiş və belə bir hadisənin də şahidi olmamışdır. Həmçinin, həmin su çəninin hissələri 2022-ci ildə Mikayıl Məmmədlinin özü tərəfindən sökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Şəxs onun qızıdır. İnzibati xəta haqqında protokolda qızı Elnarənin xx.xx.2023-cü il tarixdə X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atması göstərilsə də o, belə bir hadisənin heç vaxt şahidi olmamışdır. Həmçinin, həmin su çəninin hissələri 2022-ci ildə Mikayıl Məmmədlinin özü tərəfindən sökülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramil İbrahimov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd olunmuşdur, X4 maddi ziyan vurmuş Şəxs və oğlu Anar barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə sahə inspektoruna verilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə inzibati xətasını törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Norm ustalar klubu tərəfindən verilmiş qəbzdən görünür ki, sökülməsi ehtimal edilən su çəni, motor və filtrin qiyməti 580 manat məbləğindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərarda yalnız zərərçəkmiş şəxs X3 mülahizəsinə istinad olunmaqla Şəxs X4 məxsus su çəninin turbasını, motorunu və filtrini söküb yola atması və nəticədə ona 580 manat məbləğində maddi ziyan vurması göstərilmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X1 da hər biri ayrıayrılıqda izahat verərək X4 məxsus su çəninin turbasının, motorunun və filtrinin Şəxs tərəfindən sökülməsinin şahidi olmadıqlarını, habelə həmin su çəninin hissələrinin xx.xx.2023-cü il tarixdən deyil, məhz 2022-ci il tarixdən Mikayılın özü tərəfindən söküldüyünü bildirmişlər. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair heç bir tutarlı və mötəbər sübut olmadan, inzibati xətanın törədilməsinə şahid olmuş digər şəxslərin olub-olmaması müəyyən edilmədən, yalnız zərərçəkmiş şəxsin izahatında qeyd etdiyi faktlar əsas götürülməklə Şəxs özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi qənaətinə gəlinərək barəsində əsassız olaraq inzibati icraat başlanılmaqla inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar