Məhkəmə qərarları › İş №3(011)-628/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-628/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-628/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, X1 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23718784 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ 23718784 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, şikayətçiyə məxsus Daewoo Matiz markalı dövlət qeydiyyat nişanı **-CB-*** olan nəqliyyat vasitəsi ilə xx.xx.2024 tarixində, saat 16:38 radələrində, Bakı şəhəri, Babək prospekti, M.Hadi küçəsi ilə hərəkət edərkən, avtobus zolağına daxil olmuşdur. Qeyd etdiyi tarixdə avtobus zolağına daxil olma saatı 07:00-10:00 və 17:00-20:00 saatları xaric, icazəli idi. Bunu görüb zolağa daxil olmuşdur. Buna baxmayaraq, xx.xx.2024 tarixində elektron şəkildə cərimə olunmuşdur (EQ ********). Bununla bağlı asan pay tətbiqinə gələn cərimədən, xx.xx.2024 tarixinədək, bir neçə dəfə elə tətbiq vasitəsi ilə şikayət et bölməsinə şikayətini yazmışdır. Şikayətinə cavab gəlməmişdir. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, müraciətinə baxılmadığı və cavab verilmədiyini bildirmək üçün zəng etmişdir. Ən son xx.xx.2024 tarixində tətbiqə son yazdığı şikayətdən və 102 qaynar xəttinə zəngindən bir neçə gün sonra geri dönüş oldu. Zəng edən polis əməkdaşı şikayətinin səbəbini soruşdu. Ona səbəbini izah etdi və video görüntü tələb etdi. Ona whatsapp vasitəsi ilə göndərilən video görüntüdə isə avtobus zolağına daxil olmaq üçün qadağa və icazə saatlarını göstərən lövhə görsənmirdi. Onunla whatsapp vasitəsi ilə əlaqə saxlayan polis əməkdaşına geri dönüş edərək ona göndərdiyi video görüntüdə, avtobus zolağına daxil olmaq üçün icazə saatlarını göstərən lövhənin görsənmədiyini deyib, etirazını bildirmişdir. Bu zaman polis əməkdaşı yaşadığı ünvan üzrə məhkəməyə müraciət etməyi bildirmişdir. Ona harda və hansı tarixdə çəkildiyi bəlli olmayan avtobus zolağına giriş şəklini göndəriblər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və X1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şikayəti və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23718784 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 “Daewoo Matiz” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 16:38-də Bakı şəhəri, Babək prospekti, M.Hadi küçəsində hərəkətdə olarkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən olan fotoşəkildən görünür ki, X3 məxsus “Daewoo Matiz” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saat 16:38-də “07:00-21:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, X2 idarə etdiyi avtomobil “07:00-21:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olduğundan qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində protokol tərtib edilərək cərimələnmişdir. Odur ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23718784 saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23718784 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar