Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-637/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126, mənzil 39-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Şəxs idarə etdiyi “Toyota Prius (Hibrid)” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə hərəkətdə olan zaman sağa dönərkən sağ hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Moon” markalı “AF50” modelli mopedin qarşısına çıxmış, moped avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, “Toyota” markalı “Prius” modelli **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 08 aydır ki, avtomobil onun istifadəsindədir. 17 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Yusif Səfərov küçəsi ilə Cavanşir körpüsü istiqamətində “Toyota” markalı “Prius” modelli **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobillə yolun sağdan ikinci zolağı ilə hərəkətdəymiş, təxminən 50-60 km/saat sürətlə öz zolağıyla hərəkət edərkən “Kristal Plaza” adlanan yerdə avtomobilin sağa dönmə xəbərdarlıq işığını yandırıb manevr edərkən qəfil avtomobilin arxa hissəsindən səs gəldiyini eşitmişdir. Avtomobili dayandırıb, avtomobildən enərək avtomobilin arxasına yaxınlaşmışdır. Avtomobilin arxa hissəsində bir nəfər şəxsin yerdə uzandığını görmüşdür. Ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin arxa hissəsindən motosiklet dəymişdir. Həmin toqquşma səbəbi ilə motosikleti idarə edən sürücü yerdə uzanmışdır. Cəld şəkildə həmin sürücünü yerdən qaldırmışdır. Həmin şəxs öz tanışları ilə əlaqə saxlamışdır. Həmin şəxsin tanışları gəldikdən sonra onlardan biri Azərbaycan Respublikası DİN-in 102 məlumat mərkəzinə məlumat vermişdir. Bir qədər sonra isə təcili tibbi yardıma məlumat verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kənan Bayramlı tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2022-ci il tarixli, 1212 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər alt çənə nahiyəsində cərrahi tikilən əzilmiş yara, başın sağ alın, sağ almacıq, sağ yanaq və üst dodaq nahiyələrində sıyrıqlar, sağ baldır və sol diz oynağı nahiyələrində əzilmiş səthi dəri yaraları və sağ bazu nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni, sürücü qismində idarə etdiyi mopedin, minik avtomobillə toqquşma nəticəsində əmələ gələ bilərdilər, qeyd olunan xəsarətlərdən alt çənə nahiyəsindəki əzilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2022-ci il tarixli, 8/3314 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Toyota Prius markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Moon AF50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi zərərçəkmiş şəxslə barışması müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-637/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-637/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver