Məhkəmə qərarları › İş №3(011)-639/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-639/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-639/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində yerləşən “Mirana” şadlıq sarayının yanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Abbasov Anar tərəfindən 20 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 20 fevral 2024-cü il tarixdə Lütfizadə küçəsində yerləşən “Mirana” şadlıq sarayının qarşısında ailəsi ilə taksi gözləyərkən, polis əməkdaşları onlara yaxınlaşmış və asayişi pozduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə onların arasında mübahisə yaranmış və polis əməkdaşları onları 34-cü polis şöbəsinə dəvət etmişdir. Söyüş söymədiyini, sadəcə polis əməkdaşları ilə sözlərinin düz gəlmədiyini və ailəsinin yanında polis əməkdaşlarının artıqəskik danışdıqlarını bildirmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 izahatında göstərdi ki, 20 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra Şəxs Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmiş, şəxsiyyəti müəyyən edilərək, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında bildirdi ki, Lütfizadə küçəsində növbədə olarkən, bir vətəndaş məlumat vermişdir ki, “Mirana” şadlıq sarayının qarşısında mübahisə olmuşdur. Onlar şadlıq sarayının qarşısına yaxınlaşmış və Şəxs asayişi pozduqlarını bildirmişdir, X5 Oğlu isə kobud formada cavab vermiş və öz ailəsinin yanında onlara söyüş söymüşdür. Buna görə də, onları polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında bildirdi ki, Lütfizadə küçəsində növbədə olarkən, bir vətəndaş məlumat vermişdir ki, “Mirana” şadlıq sarayının qarşısında mübahisə olmuşdur. Onlar kömək məqsədi ilə şadlıq sarayının qarşısına yaxınlaşmış və Şəxs asayişi pozduqlarını bildirmişlər, Şəxs isə kobud formada cavab vermiş və onlara öz ailəsinin yanında söyüş söymüşdür. Buna görə də, onları polis bölməsinə dəvət etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 fevral 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 fevral 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 00:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar