Məhkəmə qərarları › İş №3(011)-6412/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6412/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6412/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs, Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-2494 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən MN ******* nömrəli, 02 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8i-2494 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sabit gəlir mənbəyi, eyni zamanda mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak olmadığından icra sənədi icra edilməmiş, barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1961/2024 №-li iş üzrə müvafiq qərarına əsasən Səmədov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra Şəxs ödənişlər etməyə başlamış, sonuncusu xx.xx.2024-cü il tarixdə 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 1000 (min) manat ödəniş Xətai Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür. Hal-hazırda Şəxs işlədiyindən ödənişləri mütəmadi olaraq həyata keçirəcəyini bildirmiş və zərərçəkmiş şəxs X2 ilə arasında razılıq əldə olunmuşdur. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, daha əvvəl işsiz olduğundan ödənişləri həyata keçirə bilməmişdir. Halhazırda fəhlə olaraq işləyir və əldə etdiyi gəlirdən ayda 200 manat məbləğində ödəniş etməyə hazırdır. Bu barədə zərərçəkmiş şəxs X2 ilə aralarında razılıq əldə olunmuşdur. Göstərilənlərə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə aralarında ödənişlə bağlı razılıq əldə olunmuşdur, bu səbəbdən Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci tarixli icra qeydinə əsasən göstərilmişdir ki, Şəxs Şirvan şəhəri 1 saylı notariat ofisində rəsmiləşdirilmiş 3M- 370 reyestr nömrəli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında nisyə alqı-satqı müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 5300 ( beş min üç yüz ) manat və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu da daxil olmaqla ümumilikdə 5325 (beş min üç yüz iyirmi beş) manat pul tutulmalıdır. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 sentyabr 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12 sentyabr 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən ”Kapital Bank” ASC vasitəsilə 08.11.24-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və 02.12.24cü il tarixlərində XƏZƏR RİPŞ və XƏTAİ RİPŞ icra ödəniş hesablarına müvafiq olaraq 50, 100 və 250 manat məbləğlərində ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar