Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6481/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, “DELOİTTE&TOUCHE” X2 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “DELOİTTE&TOUCHE” X2 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: “DELOİTTE&TOUCHE” X2 Cəmiyyəti barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən 14 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, hüquqi şəxs “DELOİTTE&TOUCHE” X2 Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “TOYOTA CAMRY HİBRİD MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə saat 17:03-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında izahat verən “DELOİTTE&TOUCHE” X2 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 etiraz təqdim edərək bildirmişdir ki, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən onlara məktub təqdim edilməmiş, məktubu qəbul edən bölməsində təhvil alan şəxs olaraq qeyd edilmiş “Toğrul” soyadında şəxs cəmiyyətdə çalışmamışdır. Həmçinin xəbərnamədə cəmiyyətin yerləşdiyi ərazinin AZ1025 saylı poçt şöbəsinin möhürü vurulmamış, bu isə məktubun həmin poçt şöbəsinə ümumiyyətlə daxil olmadığını göstərir. Xəbərnamədə məktubun 30 iyul 2024-cü il tarixində poçta verildiyi qeyd edilir. Sorğuda nəqliyyat vasitəsilə törədildiyi qeyd edilən inzibati xətanın 30 iyul 2024-cü il tarixində saat 17:03 radələrində baş verdiyi qeyd edilir, iş günün sonunda törədildiyi qeyd edilən inzibati xətanın qeydə alınması və onun əsasında müvafiq sorğunun tərtib edilməsi və eyni gündə poçta verilməsi mümkün deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sorğuya verilən cavaba əsasən xəbərnamənin üzərində qeyd edilən SX031041230AZ kodlu məktubun alıcısının ümumiyyətlə "Deloitte & Touche" MMAC-nin olmadığı bildirilmişdir. Əvvəllər də Xətai RPİ tərəfindən təqdim edilmiş xəbərnamələrin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir və sistematik xarakter daşıyır: Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin İXM-nin 347-ci maddəsi üzrə 3(011)- 5245/2024 və 3(011)-1799/2024 nömrəli inzibati xəta haqqında işlərdə Xətai RPİ tərəfindən təqdim edilən xəbərnamələrin eyni qaydada həqiqəti əks etdirmədiyi sübut edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Xətai Rayon Polis İdarəsi Dövlət X5 səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Xətai Rayon Polis İdarəsi Dövlət X5 səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Xətai Rayon Dövlət X5 sorğu məktubu xx.xx.2024-cü il tarixdə “Toğrul” soyadlı şəxs tərəfindən qəbul edilməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın sorğu məktubunun vəzifəli şəxs tərəfindən qəbul edilməsi və qəbul edən şəxsin vəzifəsi xəbərnamədə öz əksini tapmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusunun hüquqi şəxsə daxil olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Xətai Rayon Dövlət X5 sorğusunun “DELOİTTE&TOUCHE” X2 Cəmiyyətinin ünvanına daxil olması sübuta yetirilməmişdir. Buna görə də hüquqi şəxs “DELOİTTE&TOUCHE” X2 Cəmiyyətinin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs “DELOİTTE&TOUCHE” X2 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-6481/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6481/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver