Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-650/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən qəbul edilmiş (Qeyd: Qərarın surəti Xətai Rayon Dövlət X4 yazılı olaraq göndərdiyi ərizədən sonra e-mail vasitəsilə ilə 21.01.21 tarixində təqdim edilmişdir) inzibati xəta haqqında qərar əsasında 200 manat cərimə olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 8-21-də SMS yazaraq saat 8-36-da cavab gədikdən sonra evi tərk etmişdir. Məqsədi hökumətin təyin etdiyi maddi yardımı almaq üçün Ekspress bankdan sosial yardım plastik kartını almaq olmuşdur. Bununla bağlı Ekspress banka saat 09-05-də çatmışdır. Metro işləmirdi və avtobusdan istifadə etməli olmuşdur. Sıra nömrəsi götürmüş və səhər tezdən getməyinə baxmayaraq nömrəsi 10-cu idi. Ona xidmət təqribən saat yarımdan sonra çatmışdır. Bankdan çıxıb evə getməyi metro işləmədiyinə görə xeyli vaxt aparmış və bununla da artıq iki saatlıq limit bitmişdir. Bu ondan asılı olmayan səbəbdən baş vermişdir. Yolda Xətai rayon Polis İdarəsinin əməkdaşları yaşayış ünvanına təqribən 5 dəqiqəlik məsafədə reyd keçirirdilər və icazəsini yoxlayıb onun vaxtının keçdiyini bildirdilər. Onlara sənədləri göstərib izah etməyə çalışsa da dinləyən olmadı və protokol yazıldığını bildirdilər. Bir gün əvvəl xx xxxx 2020-ci il tarixində evinə yaxın ərazidəki Express bank Əhmədli filialında sosial yardım kartlarının artıq verilmədiyi haqqında məlumat aldıqdan sonra bununla bağlı Neftçilər və ya Xətai filialına yaxınlaşmalı olduğunu bildirdilər. Barəsində tərtib edilmiş protokol qanunsuz olmuşdur. Tərəfindən qəsdən İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş karantin rejimi pozulmamışdır və bu ondan asılı olmayan səbəblərdən baş vermişdir. Məlumat üçün bildirirmişdir ki, özü işləmir və ailə vəziyyəti çox ağırdır. Üstəlik bu pandemiya vaxtı anasında onkoloji xəstəlik akşar olunmuşdur. Eyni zamanda dəlillərini heç bir vəzifəli şəxs dinləməmişdir və qərar qəbul edəndə də çağırılmamışdır. Qərarın qəbul eilməsindən də xəbəri yox idi, qərar ona təqdim olunmamışdı. Əslində özünü təqsirli bilmədiyi halda və bununla bağlı dəlilləri olduğu halda müvafiq yazılı protokol tərtib olunmalı idi və baxılması üçün vəzifəli şəxsə göndərilməli idi. Onunla bağlı belə protokolun surəti ona verilməmiş, izahatı dinlənilməmişdir. Bundan əlavə əməlində İXM-nin 211.1 maddəsinin tərkibi yoxdur. Yuxarıda qeyd etdiyi kimi SMS icazəsinin vaxtının çıxması ondan asılı olmayan səbəbə baş vermişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın mahiyyəti göstərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Heç bir araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qərar qəbul edilmişdir. Həmçinin şikayətçi iş üzrə narazılıq bildirməsinə baxmayaraq iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai Rayon Dövlət Yol Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai Rayon Dövlət Yol Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-650/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-650/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver