Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-650/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, zərərçəkmiş şəxs – X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən 20 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru Tural Rəhimov məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən, 17 iyun 2014-cü il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X1 üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul şəklində aliment tutularaq, X4 ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Lakin borclu Şəxs icra sənədi üzrə tələbi tam təmin etməmiş və hazırda onun 1472 manat borcu qalmaqdadır. Bununla da borclu icra sənədi üzrə tələbi üzrlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədlərinə əsasən, 17 iyun 2014-cü il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X1 üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul şəklində aliment tutularaq, X4 ödənilməlidir. Həmin qətnamə üzrə 584 manat ödəmişdir, hal-hazırda 1472 manat borcu qalmış və həmin borcu ödəməyə hal-hazırda imkanı yoxdur. Buna baxmayaraq, qeyd olunan borcu hissə-hissə ödəməyi öhdəsinə götürür. Odur ki, hissə-hissə olmaqla aliment borcunu ödəməyə hazır olduğunu bildirmiş və onun hazırda gəlirinin qeyri sabit olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən, 17 iyun 2014-cü il təvəllüdlü X3 və 23 dekabr 2018-ci il təvəllüdlü X1 üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul şəklində aliment tutularaq, ona ödənilməlidir. Şəxs 1472 manat borcu qalmışdır, lakin maddi vəziyyətinin pis olmasını əsas gətirərək borcunun ödənilməsindən qəsdən yayınır. Göstərilənlərə nəzərə alaraq, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədindən görünür ki, 23 dekabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 23 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat olmaqla məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 14 aprel 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs dərhal icra sənədlərinin könüllü icra olunması bildirilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2427/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şəxs X2 xeyrinə tutulan alimentin miqdarı artırılmış. 17 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat olmaqla məbləğində sabit pul şəklində aliment tutularaq X4 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 24 may 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-650/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-650/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver