Məhkəmə qərarları › İş №3(011)-6525/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6525/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6525/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, 3 saylı Vəkil Bürosunun vəkili X4 izahat verərək bildirmişdir ki, şirkət müflis olmuşdur. İcra sənədini yerinə yetirmək üçün vəsaitləri yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən hazırki vəziyyətdə, yəni 97.7 kv.m ümumi sahə və yarımçıq təmirli vəziyyətdə X3 təhvil verilməsi, ünvan 1 ünvanında pilot layihə çərçivəsində tikilmiş binanın A Blokunun 11-ci mərtəbəsində yerləşən A65 saylı mənzilin ümumi sahəsinin azalması nəticəsində 17600 (on yeddi min altı yüz) manat məbləğində zərər, mənzilin təmir edilməsi üçün zəruri olan 15496 (on beş min dörd yüz doxsan altı) manat pul vəsaiti və ödənilməmiş kirayə haqqı olan 14000 (on dörd min) manat məbləğ, ümumilikdə 47096 (qırx yeddi min doxsan altı) manat pul məbləği cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X3 verilməsi, ödənilmiş 231,29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X3 verilməsi, keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 400 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat cavabdeh "xxxx" MMCdən tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2024 saylı, xx.xx.2024-cü il tarixliı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar