Məhkəmə qərarları › İş №3(011)-657/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-657/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-657/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Baş şəhər Dövlət X6 xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, şikayətçi şikayətinə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində keçiriləcək Hərbi Paradla bağlı əlaqəli mərkəzi küçələrin əksəriyyətində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır. Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində o, nizamlayıcının işarəsi ilə düzünə hərkəkətini davam etdirmək istəmiş, daha sonra o, səhv işarə verdiyini başa düşüb hərəkəti sola davam etməyini bildirmişdir. Sağından keçən maşınların "giriş qadağandır" nişanının tələbini pozaraq sağa hərəkət etdiklərini görmüş və şüşəni aşağı salıb inspektordan sağa hərəkət etmək istədiyini bildirmişdir. O, başı ilə razılıq vermiş, şifahi razılığını bildirmiş və hətta geri çəkilərək onun maneəsiz dönməyinə kömək olmuşdur. Bundan sonra təxminən 100 metr irəlidə digər inspektor onu saxlamış və xəta törətdiyini bildirmiş, vəziyyəti inspektora izah etmişdir. O, icazə verən digər ispektorla üzləşməyi üçün onun dalıca həmin yol ayrıcına gəlməyini xahiş etmiş, yol ayrıcına çatanda birinci inspektor icazə verdiyini təkzib etmiş, digər inspektor isə artıq protokolu tərtib etmişdir. Əvvəlcədən qərarla razı olmadığı üçün protokol "qərarsız" tərtib edilmişdir. Faktla bağlı xx xxxxxx 2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə getmiş, DİN əməkdaşı ilə bir yerdə kameralara baxmış və nəticə olaraq əməkdaş işarənin başla və ya sözlə yox, jezi ilə olmasını bildirmişdir. Halbuki ondan başqa ən azı beş maşın həmin an ordan keçmiş və bütün görüntülər kameralarda açıqaşkar görünmüşdür. İdarədə şifahi şikayəti təmin olunmadığına görə rəsmi ərizə ilə müraciət etmiş, lakin xx xxxxxx 2021-ci il tarixində poçt vasitəsi ilə göndərilən rəsmi cavab da fərqli olmamış, ərizəsi təmin olunmamışdır. On beş ildən artıq müddətdir ki, sükan arxasındadır və bu müddət ərzində təsadüfi parklama xaricində heç bir yol hərəkəti qaydası pozuntusu və ya cərimə balı olmamışdır. Bacardığı qədər həmişə qanunların tələblərinə əməl etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş şəhər Dövlət X6 yol patrul xidmətinin inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 11:29-da idarə etdiyi “Oprl Corsa” minik markalı, 99-FK199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXMnin 327.2-ci və 327.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Baş şəhər Dövlət X6 əməkdaşı, polis mayoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərarından görünür ki, X5 “giriş qadağandır” yol nişanının tələblərinin pozulması, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə səbəbdən İXM-nin 327.2-ci və 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş şəhər Dövlət X6 yol patrul xidmətinin inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla X5 xx.xx.2020-ci il tarixdə saat 11:29-da idarə etdiyi “Oprl Corsa” minik markalı, 99-FK199 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci və 327.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Baş şəhər Dövlət X6 əməkdaşı, polis mayoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərarla X3 “giriş qadağandır” yol nişanının tələblərinin pozulması, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə səbəbdən İXM-nin 327.2-ci və 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında X5 xx xxxxxx 2020-ci il tarixində Bakı şəhərində keçiriləcək Hərbi Paradla bağlı əlaqəli mərkəzi küçələrin əksəriyyətində avtomobillərin hərəkətinin məhdudlaşdırıldığını, Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində nizamlayıcının işarəsi ilə düzünə hərəkətini davam etdirmək istədiyini, sağından keçən maşınların "giriş qadağandır" nişanının tələbini pozaraq sağa hərəkət etdiklərini, şüşəni aşağı salıb inspektordan sağa hərəkət etmək istədiyini bildirdiyini, sonuncunun razılıq verdiyini göstərmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qərarda xətanı təsdiq edən hansı sübuta istinad etmədiyindən, qərar əsaslandırılmadığından, şikayət əsaslıdır. Eyni zamanda, qərardan müəyyən edilir ki, hadisə yerində müşahidə kamerasının olub-olmaması aydınlaşdırılmamış, görüntülər olduğu halda həmin görüntülər əldə edilməyərək qiymət verilməmişdir. Bundan əlavə, yol patrul xitməti əməkdaşının sürücüyə hərəkətini davam etməyə icazə verib-verməməsi barədə də şikayətçinin dəlilləri araşdırılmamış, həmin əməkdaş dəvət edilərək qeyd edilən hal araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərar mötəbər sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş şəhər Dövlət X6 əməkdaşı, polis mayoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Baş şəhər Dövlət X6 əməkdaşı, polis mayoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar