Məhkəmə qərarları › İş №3(011)-657/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-657/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-657/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12 fevral 2023-cü il tarixdə Xətai rayonu, A.Cəlilov 27A ünvanında yerləşən “Bravo” supermarketdən X1 “Redmi 9” telefonunu oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 12 fevral 2023-cü il tarixdə saat 12:10 radələrində etibarnamə ilə idarə etdiyi **-RO-*** dövlət qeydiyyat nişanlı “Honda İnsight” markalı avtomobilini Xətai rayonu, A.Cəlilov 27A ünvanında yerləşən “Bravo” supermarketin yanında saxlamışdır. Marketə girib alış-veriş edərkən süd məhsulları üçün ayrılmış cərgədə “Redmi” markalı sahibsiz telefon görmüşdür. Ətrafa bir müddət diqqətlə baxmış, kimsənin onu görmədiyinə əmin olduqdan sonra telefonu götürüb söndürmüş, sonra cibinə qoyaraq avtomobilinə minib oradan uzaqlaşmışdır. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o qeyd etmişdir ki, telefonunun 230 manata almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək göstərmişdir ki, Şəxs 12 fevral 2023-cü il tarixdə Xətai rayonu, A.Cəlilov 27A ünvanında yerləşən “Bravo” supermarketdən X3 məxsus “Redmi 9” telefonunu talamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur və onun İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 18 yanvar 2023-cü il tarixli qərardaddan görünür ki, X1 əmlakının oğurlanması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış və inzibati araşdırılma aparılması qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 fevral 2023-cü il tarixdə Xətai rayonu, A.Cəlilov 27A ünvanında yerləşən “Bravo” supermarketdən X1 “Redmi 9” telefonunu oğurladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 12 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 13 fevral 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş şəxs X3 dəymiş maddi zərəri ödəmiş, sonuncunun ona qarşı şikayəti yoxdur və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; X4 tərəfindən məhkəməyə təqdim edilmiş 13 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar