Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-660/2024 01.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun 19 yanvar 2024-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 07 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə, saat 13:40-da Xətai rayonu, Gəncə prospekti ilə yolun soldan 1-ci hərəkət zolağı ilə Zığ dairəsi istiqamətində hərəkətdə olarkən, piyada keçidinin üstündə yolu sağdan sola keçən piyada X3 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq xəsarət yetirmiş və hadisə yerini tərk etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 05 yanvar 2024-cü il tarixdə saat təxminən 13:40 radələrində idarə etdiyi “Opel Astra” minik markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Gəncə prospekti ilə yolun soldan 1-ci hərəkət zolağı ilə Zığ dairəsi istiqamətində hərəkətdə olarkən, piyada keçidinin qarşısında avtomobilini saxlamış və piyadalara yol verəndən sonra hərəkətinə başlayaraq saatda 5 km sürətlə hərəkət edərkən yolu sağdan sola keçən qadın piyada avtomobilinin qabaq sağ qanadına dəymişdir və yıxılmışdır. O, avtomobili saxlayaraq həmin piyadaçıya kömək etməyi və xəstəxanaya aparmağı təklif etmişdir. Lakin piyada qadın imtina etmiş və onunla kobud danışaraq çıxıb getmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirovun qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 07 yanvar 2024-cü il tarixli “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 15 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X1 bud-çanaq oynağı bayır səthdə “7x5” sm sahədə şişkinlik və göyümtül rəngli, maye dalğalanması ilə müşayiət olunan hematomalıdır. Sol diz oynağının bayır səthində isə “3x2” sm ölçüdə göyümtül rəngli qeyri müəyyən formalı qançır vardır. Xəsarət bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 05 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-660/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-660/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver