Məhkəmə qərarları › İş №3(011)-661/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-661/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-661/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş 05 dekabr 2023-cü il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərardan və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili “BA 030559” nömrəli "B1.B" kateqoriyalı sürücülük vəsiqəsi ilə 07 dekabr 2023-cü il tarixdə saat 11-də 60 km/saat sürətlə idarə edərkən ünvan 2 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarəsi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara əməl etməyərək avtomobilin ön sağ hissəsi ilə əvvəlcə X3 yolun sağ tərəfində dayandırdığı “Lexus-LX 570” minik markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa qanad və təkər hissəsi ilə toqquşduqdan sonra 2-ci zolaqda hərəkətdə olan X1 idarə etdiyi “Toyota Prius” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Taryel Məhərrəmova sağ əlin V daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, 07 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Mercedes Benz A 160 minik” markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə saatda 60 km sürətlə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə Sadıqcan küçəsi istiqamətindən Y.Səfərov küçəsi istiqamətinə 4 zolaqdan ibarət avtomobil yolunun sağdan 1-ci zolağı ilə hərəkət edərkən 8 noyabr küçəsi, 139 saylı ünvanın qarşısına çatmağına təxminən 15-20 metr məsafə qalmış bilmədən idarə etdiyi avtomobilin sağ tərəf fara hissəsi avtomobil yolunun sağdan 1-ci zolağında dayanmış “LEXUS LX-570 minik” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf arxa künc və arxa təkər hissəsinə çırpıldıqdan sonra zərbənin təsirindən 2-ci zolağa keçərək sağ tərəf arxa qapı və qanad hissəsi ilə həmin zolaqda hərəkətdə olan “Toyota Prius minik” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf fara hissəsinə çırpılıb dayanmışdır. Hadisə zamanı idarə etdiyi avtomobilin sağ tərəf ön oturacağında əyləşmiş tanışı X5 üz nahiyəsindən xəsarət aldığına görə kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə TTYS-nın həkim briqadası gəlib Valeh Qurbanova ilkin tibbi yardımlar göstərib X8 aparmışlar. Daha sonra hadisə yerinə Xətai RPİ-nin əməkdaşları gəlib araşdırmaya başlamışlar. Toqquşmadan sonra “Toyota Prius minik” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 ilə Xətai RPİ-də görüşmüşdür. T.Məhərrəmov ona bildirmişdir ki, avtomobilinə vurduğu zərəri ödəyəcəyi təqdirdə şikayəti olmayacaq. O da razılaşaraq avtomobilini təmir etdirmək üçün ustaya 1800 manat pul ödəmişdir. Lakin Taryel onunla barışmaq üçün əlavə pul tələb etmişdir. O da T.Məhərrəmova vermək üçün pul tapa bilmədiyinə görə şikayət etmişdir. Beləliklə o, göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxslərə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxslər iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərəçəkmiş şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 13 noyabr 2023-cü il tarixli, 18/1410 saylı əlavə ekspert rəyinin surətindən görünür ki, V.N.Qurbanovun bədənində müəyyən edilmiş xəsarətlər - başın alın-gicgah və sifət nahiyələrində otuz ədəd, əzilmiş səthi dəri yaraları, sağ diz oynağı nahiyəsində sıyrıq və sol diz oynağı nahiyəsində cərrahi tikişlər olan əzilmiş yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişin qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət.V.N. Qurbanovun bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü - özünə yetirilməsinə xarakterik deyildir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis X10 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən qəbul edilmiş 05 dekabr 2023-cü il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar