Məhkəmə qərarları › İş №3(011)-673/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-673/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-673/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakları ilə, X5 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək MN ******* saylı protokola əsasən qəbul edilmiş MN ******* nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 19.06.2021-ci il tarixdə “Meqafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində toy mərasimi keçirildiyi üçün Xətai RPİ-nin 37-ci PŞnin polis sahə inspektoru X3 tərəfindən barəsində MN ******* saylı protokol tərtib olunmuş və 19.06.2021 tarixli MN ******* nömrəli qərarla 4.000 (dörd min) manat məbləğində cərimə tətbiq edilmişdir. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin qaydalarının pozulması halına yol verməsi göstərilmişdir. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, 19.06.2021-ci il tarixdə Türkiyədən gəlmiş dostunun dəvəti ilə “Meqafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Sahne Baku” restoranında şam yeməyinə dəvət olunmuşdur. Onlar qapalı kabinada bir-neçə nəfər axşam yeməyi yeyərkən polis əməkdaşları otağa daxil olub sənədlərini tələb edib yoxlamışlar və getmişlər. Sonra ona məlum oldu ki həmin məkanın zalında toy məclisi keçirildiyi üçün polis əməkdaşları ora gəlmişlər. Bundan təqribən 8 ay sonra yaşadığı ünvana Bakı şəhəri Səbail rayonu İcra Şöbəsindən daxil olmuş bildirişdən ona məlum olmuşdur ki, inzibati xəta törətmədiyi halda barəsində yuxarıda qeyd olunan inzibati protokol tərtib edilmişdir. Belə ki, 19.06.2021-ci il tarixdə “Sahne Baku” restoranında müştəri qismində iştirak etdiyi halda barəsində vəzifəli şəxs kimi İXM-in 211.1-ci maddəsilə 4.000 manat cərimə tətbiq edilmişdir. Qeyd olunan obyektin ona heç bir hüquqi bağlılığı yoxdur, orada vəzifəsi yoxdur və vergi sənədləri ona aid deyil, həmçinin inzibati protokoldakı imzalar ona məxsus deyil. Yuxarıda qeyd etdiyi kimi o, 19.06.2021-ci il tarixdə “Sahne Baku” restoranında müştəri qismində iştirak etdiyi, obyektin ona heç bir aidiyyəti olmadığı halda barəsində vəzifəli şəxs kimi İXM-in 211.1-ci maddəsilə 4.000 manat cərimə tətbiq edilmişdir. Beləliklə o, MN ******* saylı protokola əsasən qəbul edilmiş MN ******* nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, 19.06.2021-ci il tarixdə müştəri qismində “Sahne Baku” restoranında olmuşdur, həmin restoran ona məxsus deyil, lakin buna baxmayaraq barəsində vəzifəli şəxs kimi cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışlarını, şikayət ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 19.06.2021-ci il tarixdə Xətai rayonu “Meqafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində toy mərasimi keçirdərək karantin qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti 26 may 2021-ci il tarixli 151 saylı Qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 01 avqust 2021-ci il saat 00:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 3-cü hissəsində “1 iyun” sözləri “1 avqust” sözləri ilə əvəz edilmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 19.06.2021-ci il tarixdə Xətai rayonu “Meqafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində toy mərasimi keçirdərək karantin qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində cərimə edilmişdir. Digər tərəfdən, inzibati orqan inzibati tənbeh vermə haqqında qərarı qəbul edərkən X6 barəsində başlanmış inzibati icraat barədə məlumat verməmiş, onun izahatı alınmamış və əlavə olaraq o, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Halbuki şikayətçi X8 məhkəmə iclasında verdiyi izahatında və şikayət ərizəsində qeyd etmişdir ki, 19.06.2021-ci il tarixdə “Sahne Baku” restoranında müştəri qismində iştirak etdiyi halda barəsində vəzifəli şəxs kimi İXM-in 211.1-ci maddəsilə 4.000 manat cərimə tətbiq edilmişdir. Qeyd olunan obyektin ona heç bir hüquqi bağlılığı yoxdur, orada vəzifəsi yoxdur və vergi sənədləri ona aid deyil, həmçinin inzibati protokoldakı imzalar ona məxsus deyil. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən yenidən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, X5 izahatında qeyd etdiyi xüsusatlara diqqət yetirilməli və törətdiyi əmələ hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, Bakı şəhəri Xətai RPİnin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 19 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar