Məhkəmə qərarları › İş №3(011)-68/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-68/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-68/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, X1 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, ona Bakı şəhər X6 İdarəsi tərəfindən İXP ******* nömrəli protokola verilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bu qərardan Xətai Rayon Məhkəməsinə şikayət ərizəsi göndərilmiş və hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında İXP ******* nömrəli protokola verilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması barədə qərara alınmışdır (İş nömrəsi: 3(011)-6013/2024). Məhkəmə qərarı Bakı şəhər BPİ-nin X6 İdarəsinə çatdırıldıqdan sonra TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yeni TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X7 İdarəsinin nümayəndəsi və şikayətçi X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Bakı şəhər X7 İdarəsinin nümayəndəsinin və X1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şikayəti və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 “Zeekr 007” minik markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 08:12də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov və M.Mehdizadə küçələrində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X3 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 3(011)-6013/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməsə də, 10 yanvar 2025-ci il tarixli məktubla yol-nəqliyyat qaydalarının pozuntusunu əks etdirən video görüntünü məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 3(011)-6013/2024 saylı iş üzrə qərarın ləğv edilməsi üçün əsas göstərilmiş hallardan biri kimi pozuntunun baş verməsini sübuta yetirəcək video görüntünün məhkəməyə təqdim edilməməsi olmuşdur. Hazırkı məhkəmə iclasında səlahiyyətli orqanın təqdim etdiyi video görüntüyə baxış keçirilmiş və görüntüdən şikayətçinin ikitərəfli yolda qoşa xətti tapdalaması ilə əks istiqamətə çıxması müşahidə olunur. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizə sadəcə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar