Məhkəmə qərarları › İş №3(011)-7/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Niyazi Abbasovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş 19 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 23:57 radələrində «Hyundai İ30» minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, izahatında bildirmişdir ki, 19 oktyabr 2021ci il tarixdə, saat 00:15 radələrində dostu Fuada məxsus «Hyundai İ30» minik markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobili Xətai rayonu, Afiyəddin Cəlilov küçəsindən “Cavanşir” körpüsü istiqamətində idarə edərkən, “Meqafun”la üzbəüz yerdə YPX avtomobilinin əməkdaşları Rəşad və Samir adlı polis çavuşları əvvəlcə sürətli idarə etdiklərini bildirmişlər, onlar etiraz etdikdə isə ona sərxoşluğunun olub-olmamasını yoxlamağı təklif etmişlər. Onların təqdim etdiyi saxta alkotester cihazına etiraz etdikdən sonra, polis əməkdaşları avtomobildən yeni cihaz gətirmişlər,. Həmçinin, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda onun adından spirtli içki qəbul etdiyini etiraf etməsi qeyd edilsə də, protokolda yazı onun tərəfindən yazılmış lakin həmin yazının qarşısında olan imza ona məxsus deyil. Bundan əlavə o qeyd etmişdir ki, hadisədən sonra könüllü olaraq sərxoşluğun yoxlanılması üçün müraciət etmiş və onun ayıq olduğu müəyyənləşdirilmişdir. Beləliklə o, spirtli içki qəbul etmədiyini bildirərək sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını təqdim etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Niyazi Abbasov izahat verərək bildirmişdir ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 23:57 radələrində «Hyundai İ30» minik markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə onun nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Həmçinin, Şəxs xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda spirtli içki qəbul etdiyini etiraf etmiş və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Əlavə olaraq Niyazi Abbasov bildirmişdir ki, məhkəmənin inzibati xətanın törədilməsi zamanı qeydə alınmış səs yazılarının və videogörüntülərin təqdim edilməsi barədə sorğu məktubları Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinə daxil olmuş, lakin iş yükü artıq olduğundan həmin sorğulara vaxtında cavab verilə bilməmişdir. Həmin faktla bağlı qeyd etmək istəyir ki, hadisə zamanı qeydə alınmış səs yazıları və videogörüntülər texniki səbəblərdən silinmişdir. Beləliklə o, Şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etdiyini bildirərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı Rəşad Şahbazov izahatında bildirmişdir ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 23:57 radələrində «Hyundai İ30» minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış və sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə onun nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi müəyyən olunmuşdur. Həmçinin hadisə zamanı o, inzibati xəta törətməsini və spirtli içki qəbul etməsini etiraf etmiş və protokola bu barədə yazaraq imza etmişdir. Bu səbəbdən Şəxs müayinəyə aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru polis baş serjantı Samir İsmayılov izahatında şahid Rəşad Şahbazovun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 oktyabr 2021-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 23:57 radələrində «Hyundai İ30» minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış və alkotester vasitəsilə alkoqolun miqdarı yoxlanılmışdır. Protokollaşdırma nömrəsi 01146 olan alkotester qəbzindən müəyyən edilir ki, Həmidzadə soyadlı şəxsdə alkoqolun miqdarı 0.833 promillidir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan müəyyən olunur ki, 19.10.2021-ci il tarixdə saat 23:55də Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642060 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur, həmçinin protokolun qeyd hissəsində sonuncu spirtli içki qəbul etdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 yanvar 2022-ci il tarixli, 4/1865 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, işin 6-cı vərəqində olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda “(müayinə olunan şəxsin izahatı, imzası) qrafasındakı yazılar və “...təsdiq edirəm” yazıları qarşısındakı imza; həmin protokolda “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası:” qrafasındakı “Həmidzadə” yazısı və qarşısındakı imza – Şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 20.10.2021-ci tarixli 2/30100 nömrəli aktından görünür ki, o, 20 oktyabr 2021-ci il tarixdə saat 02:05-də, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 2 saat 10 dəqiqə sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, Şəxs özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda öz əlyazması ilə izahat yazaraq spirtli içki içdiyini qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Həmçinin iş materiallarına əlavə olunmuş 08.12.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22.11.2021-ci il tarixli, 3(011)-4226/21 saylı sorğuya cavab məktubundan məlum olur ki, Şəxs yuxarıda göstərilən mərkəzdə 20.10.2021-ci il tarixdə saat 02:05 radələrində sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə nəticəsinin 19.10.2021-ci il tarixdə saat 23:57 radələrində xüsusi texniki vasitə ilə müəyyən edilmiş 0,833 promil alkoqolun konsentrasiyası ilə uyğun olmaması normal haldır. Nəzərə alınmalıdır ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı hər 1 saata 0.20-0.40 promil təmizlənir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 23:57 radələrində «Hyundai İ30» minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə müvafiq olaraq Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar