Məhkəmə qərarları › İş №3(011)-7/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları olmuş X13 və X18 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 şikayət etmişlər. X17 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edərək 700 (yeddi yüz manat) AZN məbləğində inzibati cərimə tətbiq etmişdir. X13 və X18 müraciətində inzibati xətanın əlamətlərinin eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar xx.xx.2023-cü il tarixində saat 11:30-da X8 Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. Həmin vaxt X8 Bakı şəhər İdarəsinə getmiş, lakin qeyd etmişlər ki, qərarın qəbul tarixi, bildiriş verilmədən dəyişdirilib. Faktiki olaraq onun iştirakı olmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək bildirdi ki, X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən xitam verilmiş və son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Eyni zamanda X12 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən xitam verilmiş, lakin son haqqhesab ödənilməmişdir. Nəticədə həmin məcəllənin 172.4-cü maddəsinin tələbləri pozulmaqla "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 barəsində MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X7 əmək müqaviləsinə xitam veriləndən sonra son haqq-hesab gecikmə ilə verilib. X12 əmək müqaviləsinə isə 06 oktyabr 2023-cü il tarixdə xitam verilib, lakin ondan sonra onun kartına heç bir ödəniş olunmayıb. Həmin güm son haqq-hesab ödənilməli idi. Qeyd edilənlərə əsasən "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati qərar qəbul edilən şəxs X9 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" ASC-nin İdarə heyətinin sədri X4 barəsində tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2 ”a” bəndinə əsasən xitam verilmiş və son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Eyni zamanda X12 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2 ”a” bəndinə əsasən xitam verilmiş, lakin son haqq-hesab ödənilməmişdir. Nəticədə həmin məcəllənin 172.4-cü maddəsinin tələbləri pozularaq, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli 30-irvəətş №li əmrin surətindən görünür ki, “Baş idarə” bölməsində “İdarə Heyəti sədrinin müşaviri” vəzifəsində işləyən X14 ilə bağlanmış 1J7DCLX000600 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, "xxxx" ASC tərəfindən 05 oktyabr 2023-cü il tarixdə X10 8 məzuniyyət gününün son haqqhesabı gecikdirilməklə ödənilmişdir. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli 12/14-irvəətş №li əmrin surətindən görünür ki, X3 İstehsalat və Planlaşdırma İdarəsinin Layihələrinin icrasına nəzarət şöbəsinin layihə koordinatorunun əmək müqaviləsinə, xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən X5 haqq-hesab ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC-nin İdarə heyətinin sədri X9 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar