Məhkəmə qərarları › İş №3(011)-7/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş 12 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmin tarixdə saat 01:50 radələrində «Chevrolet Malibu» minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, izahatında bildirmişdir ki, 12 oktyabr 2021ci il tarixdə, saat 01:50 radələrində «Chevrolet Malibu» minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və onların təqdim etdiyi alkotester vasitəsilə sərxoş olub-olmaması yoxlanılmışdır. Daha sonra onun guya 0,305 promil içki qəbul etməsi müəyyən edilmiş və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokol tərtib edilərək onun adından spirtli içki qəbul etməsini etiraf etməsinə dair saxta qeyd aparılmışdır. Lakin iş materiallarında olan əlyazma ilə qeyd edilmiş izahat və imza ona məxsus deyildir. Bundan əlavə o, hadisədən sonra könüllü olaraq sərxoşluğun yoxlanılması üçün müraciət etmiş və onun ayıq olduöu müəyyənləşdirilmişdir. Beləliklə o, spirtli içki qəbul etmədiyini bildirərək sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını təqdim etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 oktyabr 2024-cü il tarixdə saat 01:50 radələrində «Chevrolet Malibu» minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış və alkotester vasitəsilə alkoqolun miqdarı yoxlanılmışdır. Protokollaşdırma nömrəsi 09644 olan alkotester qəbzindən müəyyən edilir ki, Həmidzadə soyadlı şəxsdə alkoqolun miqdarı 0.305 promillidir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 01:49-da Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642117 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur, həmçinin protokolun qeyd hissəsində sonuncu spirtli içki təsiri altında nəqliyyat vasitəsini idarə etdiyini, əməlindən peşman olduğunu, həkimə getməyə ehtiyyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu, izahatı özünün yazdığını və doğruluğunu imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 3-16-16/2-4/1930 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, inzibati işin 7-ci vərəqəsində olan Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “Mən Şəxs səmimi qəbul edirəm ki, spirtli içki təsiri altında N/qV idarə etmişəm, əməlimdən peşmanam həkimə getməyə ehtiyyac yoxdur, alkotester göstəricisi ilə razıyam. İzahatı özüm yazdım doğruluğu imzamla təsdiq edirəm” yazıları, “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası” qrafasındakı imza və “055441-11-23” rəqəmləri - Şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2024-cü tarixli, 2/56332 nömrəli aktından görünür ki, o, 12 oktyabr 2024-cü il tarixdə saat 02:40-da, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 50 dəqiqə sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən 50 dəqiqə keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, Şəxs özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda öz əlyazması ilə izahat yazaraq spirtli içki içdiyini qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətadan 50 dəqiqə keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini və vaxt keçdikcə alkoqolun miqdarının azalmasını nəzərə alaraq hesab edir ki, qeyd olunan hal onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli hərəkət kimi qiymətləndirilməlidir. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3(011)-7/25 saylı sorğuya cavab məktubundan məlum olur ki, Şəxs yuxarıda göstərilən mərkəzdə xx.xx.2024-cü il tarixdə, saat 01:49 radələrində sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçmiş və onun ayıq olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı vaxt keçdikcə təmizlənir. Bundan əlavə Şəxs məhkəmə iclasında ******* nömrəli protokolda yazının və imzanın ona məxsus olmadığını bildirmişdir. Bu hal Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 3-16-16/2-4/1930 nömrəli ekspert rəyi ilə təkzib edilmişdir, belə ki həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, protokolda “Mən Şəxs səmimi qəbul edirəm ki, spirtli içki təsiri altında N/qV idarə etmişəm, əməlimdən peşmanam həkimə getməyə ehtiyyac yoxdur, alkotester göstəricisi ilə razıyam. İzahatı özüm yazdım doğruluğu imzamla təsdiq edirəm” yazıları, “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası” qrafasındakı imza və “055441-11-23” rəqəmləri - Şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilmiş hal Şəxs məhkəmə iclasında verdiyi izahatının özünü müdafiə xarakterli və qeyrisəmimi olmasını bir daha təsdiq edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 12 oktyabr 2024-cü il tarixdə saat 01:50 radələrində «Chevrolet Malibu» minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə müvafiq olaraq Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar