Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-713/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 yanvar 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs 40000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti köçürmə ərizəsinə əsasən bankda olan hesabından 30 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 40000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC 40000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 40000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitinin geri qaytarılmaması, xətanın xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi səbəbi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir və MMC İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, qeyd olunan protokol əsassız və qanunsuz olduğundan etibarsız hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məsələnin mahiyyəti ilə bağlı bildirmişdir ki, "xxxx" MMC Çin Xalq Respublikasının şirkəti olan “CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO.” LTD arasında 13 oktyabr 2021-ci il tarixdə TSCJ001/21 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən satıcı “CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO.” LTD alıcı "xxxx" MMC-yə divar kağızların satışını təşkil edir. Belə ki, “CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO.” LTD "xxxx" MMC-yə qeyd edilən Müqavilə əsasında malların alışına dair 40000.00 ABŞ dolları məbləğində 30 dekabr 2021-ci il tarixli CSHİT07 nömrəli invoys təqdim etmişdir. "xxxx" MMC isə aldığı mallara görə elə həmin gün “CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO.” LTD-yə 40000.00 ABŞ dolları məbləğində ödəniş etmişdir. Ödənişi təsdiq edən sənəddən də görünür ki, ödəniş təyinatında əvvəlcədən ödəniş qeyd edilmiş və invoysun nömrəsi kimi CSHİT07 göstərilmişdir. Sifariş edilən və ödənişi həyata keçirilən mallar 2022-ci ilin may ayının 13də ölkəyə idxal edilmiş və bu mallar ilə bağlı gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bununla bağlı gömrük orqanlarında müvafiq gömrük bəyannaməsi tərtib edilmişdir. Gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kodunda müqavilənin nömrə və tarixi səhv qeyd edilmişdir. Belə ki, həmin bəyannamənin qrafasında müqavilənin nömrəsi kimi 20210605RF-1 və tarixi xx.xx.2021 qeyd edilmişdir. Bununla bağlı "xxxx" MMC ona xidmət göstərdiyi banka məsələni, yəni gömrük bəyannaməsində müqavilənin nömrəsi və tarixi səhv yazıldığını izah etsə də, bank həmin gömrük bəyannaməsini qəbul etməmişdir. Nəticə etibarı ilə də AR Mərkəzi Bankına müraciət edərək məlumat vermişdir. Həmçinin, malların faktiki olaraq ölkə ərazisinə idxal edildiyini nəzərə alaraq gömrük bəyannaməsində texniki səhvin düzəldilməsi ilə bağlı 29 dekabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən elektron qaydada gömrük orqanlarına müraciət edilmiş və bütün zəruri sənədlər və sübutlar ərizəyə əlavə edilmişdir. Həmin müraciət elektron qaydada gömrük orqanlarında qeydiyyata alınmış və hazırda həmin məsələ üzrə gömrük orqanları ilə müvafiq müzakirələr aparılır. Hazırda həmin müraciət baxılmaqdadır. Lakin gömrük bəyannamələrində səhvlərin düzəldilməsi uzun proses olduğu üçün hələki həmin müraciət üzrə cavab məktubu "xxxx" MMC-yə təqdim edilməmişdir. Bundan başqa, gömrük bəyannaməsində texniki səhvin düzəldilməsi ilə bağlı ərizəyə həmçinin müqaviləsinin nömrəsi və tarixi yerinə səhvən qeyd edilmiş 20210605RF-1 nömrəli və xx.xx.2021-ci il tarixli invoys əlavə edilmişdir. Həmin invoysdan da görünür ki, invoysda olan məbləğ 40 000 USD deyil, 40 951,44 USD göstərilmişdir. Lakin gömrük bəyannaməsində malların dəyəri kimi 40 000 USD qeyd edilmişdir. Qeyd edilən hal isə bir daha təsdiq edir ki, gömrük bəyannməsində səhvən qeyd edildiyi nömrə və tarix müqavilənin deyil, digər bir invoysun nömrə və tarixidir ki, həmin invoysla gömrük bəyannaməsində olan məbləğlər uyğun gəlmir. Bu da ona göstərir ki, gömrük bəyannaməsində müqavilənin nömrə və tarixinin yerinə qeyd edilmiş invoysun məbləği gömrük bəyannaməsinə uyğun gəlmir və səhv qeyd edilmişdir. Həmçinin, AR Mərkəzi Bankının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, "xxxx" ASC-nin, AR Mərkəzi Banka təqdim etdiyi siyahıda "xxxx" MMC-nin yanındakı qrafada sağda göndərilmə səbəbi kimi "GYB-də müqavilə uyğun deyil" göstərilmişdir. Başqa sözlə desək, bank "xxxx" MMC-nin ona malların idxal edilməsi ilə bağlı gömrük bəyannaməsinin təqdim edildiyini etiraf etmiş, lakin müqavilə nörmə və tarixinin səhv yazıldığı üçün həmin məbləği bağlamamışdır. Eyni zamanda, "xxxx" MMC Çin Xalq Respublikasının şirkəti olan CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO. LTD arasında 29 dekabr 2023-cü il tarixində akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, bu aktı tərtib edilib ondan ötəri ki, həqiqətən CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO. LTD 30 dekabr 2021-ci il tarixində ona edilən 40 000,00 ABŞ dolları məbləğində ödənişə görə həmin məbləğdə malları 2022-ci ilin may ayında "TESORO AZERBAİJAN” MMC-yə tədarük etmişdir. Göründüyü kimi, Çin şirkəti olan CHANGZHOU JİA SHİ DECORATİON MATERİAL CO. LTD malların "xxxx" MMC-yə tədarük edildiyini öz imzası ilə təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının İXMnin 8.1-ci maddəsindən də görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, Şəxs MMC barəsində tərtib edilmi. xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli “İnzibati xəta haqqında” protokolun etibarsız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ödəniş tapşırığının surətindən görünür ki, Paşa Bank” ASC tərəfindən 30 dekabr 2021-ci il tarixində "xxxx" ASC vasitəsilə 40000.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən və digər sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 40000.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-713/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-713/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver