Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7248/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ 29762208 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29762208 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun iş yeri Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, Blue ofisdə yerləşir. O, hər gün işə gələrkən idarə etdiyi “Toyota Prius” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ramiz Quliyev küçəsi ilə gəlib, 8 noyabr prospekti ilə kəsişmədən (Nargilənin dairəsi deyilən ərazi) sağa dönüb təxminən 50 metr düzünə hərəkət etdikdən sonra Blue ofisin birinci mərtəbəsində yerləşən "Rahat marketi" keçən kimi sağa dönüb dayanacağa daxil olur. Ramiz Quliyev küçəsinin 8 noyabr prospekti ilə kəsişməsindən onun dayanacağa daxil olduğu yerə qədər hər hansı bir qadağanedici yol nişanı yoxdur. Yalnız onun sağa, yəni dayanacağa döndüyü yerdən təxminən 20 metr sonra 5.9 yol nişanı quraşdırılmışdır. Lakin ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə kamera görüntüləri ilə barəsində İXM-nin 327.1-1-ci maddəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsası ilə EQ29762208 nömrəli protokol tərtib olunmuş və həmin protokol əsasında da xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli qərar qanunsuz olduğuna görə ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 327.1-1-ci maddəsinə əsasən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, barəsində İXM-nin 327.1-1-ci maddəsi ilə protokol tərtib edilməsi və həmin protokol əsasında da qərar qəbul edilməsi tamamilə qanunsuzdur. Belə ki, idarə etdiyi “Toyota Prius” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixində Ramiz Quliyev küçəsi ilə gəlib, 8 noyabr prospekti ilə kəsişmədən (Nargilənin dairəsi deyilən ərazi) sağa dönüb təxminən 50 metr düzünə hərəkət etdikdən sonra Blue ofisin birinci mərtəbəsində yerləşən "Rahat marketi" keçən kimi sağa dönüb duracağa daxil olmuşdur. Ramiz Quliyev küçəsinin 8 noyabr prospekti ilə kəsişməsindən onun duracağa daxil olduğu yerə qədər isə hər hansı bir qadağanedici yol nişanı yoxdur. Yalnız onun sağa, yəni duracağa döndüyü yeri keçəndən təxminən 20 metr sonra 5.9 yol nişanı quraşdırılmışdır. Yəni barəsində protokol tərtib edilən ərazi 5.9, 5.10.1-5.10.3 nişanlarından hər hansı birinin təsir dairəsində olmamışdır. Barəsində protokol tərtib edilən İXM-nin 327.1-1-ci maddəsinin dispozisiyasından da məlum olduğu kimi yalnız 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə sanksiya nəzərdə tutulmuşdur. Bu da onu deməyə əsas verir ki, qeyd olunan maddə ilə sürücü yoldakı xətlənmənin tələblərini pozduğuna görə deyil, yalnız quraşdırılmış yol nişanlarının tələblərini pozduğuna görə məsuliyyətə cəlb oluna bilər. Bu da o deməkdir kı, ümumı istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə bağlı yoldakı xətlənmə yalnız yol nişanı ilə birlikdə tətbiq edildikdə qüvvədə olur. Yuxarıda qeyd etdiyi halları şikayətinə əlavə etdiyi foto və videogörüntülər də təsdiq edir. Həmçinin həmin ərazidə olan TŞK görüntülərinə baxılsa da barəsində qəbul edilmiş qərarın qanunsuz olduğu məlum olacaq. Lakin müvafiq qurum tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlar (kamera görüntüləri) tam araşdırılmadan qərar qəbul edilmişdir. Halbuki İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərdən məlum olur ki, BDYPİ tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ29762208 nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyil. Yuxarıda da qeyd etdiyi kimi, DİN BDYPİ tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq barəsində protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alaraq xx.xx.2025-ci il tarixli, EQ 29762208 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29762208 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə iclasında X2 yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ 29762208 nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Məhkəmə araşdırması zamanı təhlil edilmiş videogörüntüdən müəyyən edilmişdir ki, şikayətçinin istinad etdiyi yola girişdə avtobus xəttinin olması ilə bağlı hər hansı işarə olmamış, yalnız yerdə yazı (BUS) mövcud olmuşdur. Sıxlıq nəticəsində o yazını görmək mümkün deyildir. Avtobus zolağı olması ilə bağlı işarə onun dönmə hərəkəti etdiyi yerdən bir qədər irəlidə yerləşir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən (hazırkı məhkəmə qərarının təsviri - əsaslandırıcı hissəsində göstərilən hallar) araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ 29762208 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən EQ 29762208 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7248/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7248/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver