Məhkəmə qərarları › İş №3(011)-725/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-725/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-725/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X5, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru polis leytenantı X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X6 ilə 2020-ci il tarixdə rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra aralarnda bu zəmində münaqişə yaranmışdır. Aynurun onun barəsində verdiyi məlumatlar şər və böhtandan ibarətdir. xx.xx.2023-cü il tarixdə Aynur ilə aralarında heç bir hadisə yaşanmamışdır və o, sonuncunu hədələməmişdir, sadəcə olaraq o, Aynurdan evində olan əşyaları gəlib aparmasını tələb etmiş, bu səbəbdən də Aynur onun barəsində əsassız şikayət ərizələri yazmışdır. Beləliklə o, inzibati xəta törətmədiyini, barəsində əsassız olaraq protokol tərtib olunduğunu, Aynur Abbasovaya qarşı heç bir təhqiredici ifadə işlətmədiyini bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı olan Şəxs mütəmadi olaraq onu narahat edir, ölümlə hədələyir və müxtəlif formalarda ona təzyiqlər edir. O, 2018-ci ilin dekabr ayında Əlibala ilə rəsmi olaraq nikaha daxil olmuş və 2020-ci ilin fevral ayında isə rəsmi qaydada boşanmışdır. 2020-ci ildən etibarən onların münasibətləri pozulmuşdur, lakin dəfələrlə ayrılıb barışmışlar. Aralarında boşandıqdan sonra münaqişə yaşanmışdır. 2022-ci ilin dekabrın 25-i tarixində o, Əlibala ilə birgə yaşadıqları evdən çıxmış və başqa ünvanda yaşamağa başlamışdır. Elə həmin tarixdən Əlibala onu narahat etməyə başlamışdır. Eyni zamanda Əlibala ona ondan ayrılacağı təqdirdə onu öldürəcəyi ilə hədələmiş və bu hal mütəmadi olaraq davam etmişdir. xx.xx.2023-cü il tarixdə o, iş yoldaşının oğlunun toy mərasimi ilə bağlı restorana tanışı olan X7 ilə birlikdə gedərkən Əlibala onların hərəkətdə olduğu maşının yanına yaxınlaşaraq saxlamaqlarını tələb etmişdir. Onlar ünvan 2 ünvanının qarşısında saxlamışlar və Əlibala yenidən onu öldürəcəyi ilə hədələmişdir. Daha sonra o, maşından düşmüş və Əlibalanın maşınının qarşısında dayanaraq polis çağıracağını və gözləməyini bildirmişdir. Daha sonra Elnur və Əlibala arasında mübahisə baş vermiş lakin mübahisə zamanı heç biri bir-birilərinə xəsarət yetirməmişlər. Həmin vaxt Əlibala yenidən onu təhqiredici ifadələrlə təhqir etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Əlibalanın oğlu Şəhriyarov Ağasəf 34-cü PŞ-də sahə inspektoru vəzifəsində xidmət edir və Əlibala polis əməkdaşları ilə dostluq etdiyinə, eyni zamanda oğluna güvənərək ona təzyiq edir. Beləliklə o, göstərilənləri nəzərə alaraq Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X1 Əlibala Ağasəf oğlunun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbləri pozulmuşdur; cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinə əsasən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyatı əməkdaşına həvalə edilməsi qərara alınmışdır. cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərarından məlum olur ki, X7 izahatında bildirmişdir ki, X6 ilə dostluq münasibətləri olduğundan, xx.xx.2023-cü il tarixdə Aynuru toya aparan zaman Xətai rayonu, Q.Nəbi küçəsi ünvanında bir nəfər şəxsin “Toyota Prius” markalı avtomaşın ilə onları təqib etdiyini görmüşdür. Yolun qurtaracağında həmin şəxs onların qarşısını kəsmiş və aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı mübahisə edən şəxsin Aynurun keçmiş həyat yoldaşı olduğunu bilmiş və aralarında sözlü mübahisə baş vermişdir. O, həmin şəxsin Aynur ilə aralarında olan mübahisəni görmüşdür, lakin onun Aynura qarşı hədə-qorxu gəlməyinin və təhqiredici ifadələr səsləndirməsinin şahidi olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 fevral 2023-cü il tarixli qərardan və tərəflərin izahatlarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 ünvanına ictimaiyyət qarşısında təhqiredici ifadələr səsləndirməsi, onu hədələməsi və bununlada onun şərəf və ləyaqətini alçaltması öz təsdiqini tapmamışdır. Həmçinin, hadisənin bilavasitə şahidi olan X7 polis şöbəsində verdiyi izahatında Şəxs Aynur ilə aralarında olan mübahisəni gördüyünü, lakin onun Aynura qarşı hədəqorxu gəlməyinin və təhqiredici ifadələr səsləndirməsinin şahidi olmadığını qeyd etmişdir. Bundan başqa, məhkəmə iclasında hadisə zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmiş, həmin görüntüdən “Toyota Prius” markalı avtomaşının digər “Kia” markalı avtomaşının qarşısını kəsməsi, sürücülər arasında təxminən üç dəqiqə ərzində mübahisə baş verməsi görünsə də, Şəxs Aynur Abbasovanı təhqir etməsi faktının mövcudluğu aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar