Məhkəmə qərarları › İş №3(011)-726/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-726/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-726/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 fevral 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə mağazadan mal almış, kartla ödəmək istəyərkən kartında pul olmadığından, mağaza işçisinə həmin malları ona borca verilməsini və pulu kartlarına köçürəcəyinə söz vermişdir. Lakin pulu olmadığından pulu gecikmə ilə ödəmişdir. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılmışdır. O həmçinin qeyd etmişdir ki, bir müddət sonra pulu hesaba köçürərək malın dəyərin ödəmişdir. Beləliklə o, inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində saat 17 radələrində müdiri olduğu M.Rüstəmov 14 ünvanında yerləşən məktəb ləvazimatları mağazasına müştəri daxil olmuş və bir neçə növ mal almışdır. Malları kassaya yığdıqdan sonra müştəri pulunun olmadığını görmüşdür və bildirmişdir ki, malları ona borca versinlər, bir müddət sonra ödənişi edəcək. Qadının aldığı ərzaqlar 60 manat təşkil etmişdir. Bir az gözlədikdən sonra, mallar üçün ödəniş edilmədiyini görüb, polisə müraciət etmişdir. Polisə müraciət etdikdən sonra, müştəri ona olan borcu ödəmişdir. Hal-hazırda mağazaya dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 izahat verərək göstərmişdir ki, Şəxs mağazadan aldığı malların dəyərini ödəmədiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununlada barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, göstərilənlərə əsasən o, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xətai RPİ-nin 34-cü PŞnə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda talama cinayət əməlini törətməsi göstərilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 14 fevral 2023-cü il tarixli qərardaddan görünür ki, Xətai rayonu ərazisində baş vermiş fakt ilə əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 15 fevral 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi zərəri ödəmiş, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; X3 tərəfindən məhkəməyə təqdim edilmiş 15 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin çıxışını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətlərinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 17 radələrində M.Rüstəmov 14 ünvanında yerləşən məktəb ləvazimatları mağazasına müştəri kimi daxil olmuş və bəzi əşya və ləvazimatlar almışdır. Onun aldığı malların dəyəri ümumilikdə 60 manat təşkil etmişdir. O, alış-veriş etdikdən sonra kassaya yaxınlaşmış və pulu olmadığından, həmin malları ona borca verməsini bildirmiş, kassir isə razılaşmışdır. Bundan sonra müştəri getmiş və aldığı malların dəyərini ir müddət keçdikdən sonra ödəmişdir. Göründüyü kimi Şəxs həmin malları oğurlaması, mənimsəməsi, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə talaması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmışdır. Protokolda qeyd edilmiş xüsusatlar öz təsdiqini tapmadığından onun əməlində inzibati xəta tərkibinin olmasından söz gedə bilməz və tərəflər arasında yaranmış münasibət mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar