Məhkəmə qərarları › İş №3(011)-728/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-728/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-728/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tələbinin pozulması ilə bağlı çıxarılmış inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərarında qeyd edilən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 1129 ünvanında heç bir yol hərəkəti qaydasını pozmamışdır. Elektron qərarda qeyd edilən tarixlərdə o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Buna görə də videogörüntülərə onun iştirakı ilə baxılmalı və barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərar ləğv edilməlidir. Ona görə də hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tələbinin pozulması ilə bağlı çıxarılmış elektron qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X15 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsini idarə edərkən yan güzgüdən polis əməkdaşlarının hərəkətini görmüş, lakin düşünmüşdür ki, onlar hərəkəti davam etdirməsini bildirirlər. Habelə polis əməkdaşları ondan nəqliyyat vasitəsini saxlamasını tələb etsələr belə həmin yolda dayanmaq və ya durmaq qeyri-mümkün olduğundan o, gedib qabaqda saxlamış və onlardan qaçmaq niyyəti olmamışdır. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis baş serjantı X12 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində xidmət apararkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağında hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozan sürücüyə tərəfindən fit və jezl vasitəsilə saxla əmrinin verilməsinə baxmayaraq, o, qanuna itaət etməyərək hərəkətini davam etdirmiş və bununla da polisə tabesizlik göstərmişdir. Onlar avtomobilə əyləşərək sürmüşlər. Daha sonra həmin sürücü tərəflərindən saxlanıldıqda, ondan nə üçün dayanmadığını soruşmuşlar və o da cavabında görmədiyini bildirərək məsələni öz aralarında həll etməklərini xahiş etmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ona narazı olduğu təqdirdə şikayət vermə qaydaları izah edilmişdir. Həmçinin, sürücü izahatında həmin ərazidə dayanmağın mümkün olmadığını bildirsə də, sözügedən yolda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün 7 tablo vardır, AYNA tərəfindən isə əlavə olaraq sərnişinlərin minibdüşmələri üçün də 5 metr uzunluğunda radius təyin edilmişdir ki, sürücü orada nəqliyyat vasitəsini dayandıra bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti baş inspektoru, polis leytenantı X11 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağında hərəkət edən sürücü X3 əmri verilməsinə baxmayaraq hərəkətini davam etdirmiş və sonra parkın yan tərəfində olan avtomobil dayanacağında gizlənmək üçün saxlamışdır. Onun avtomobili saxlama səbəbi onların DYP avtomobilinə əyləşib onun arxası ilə sürmələri olmuşdur. M.Mehdiyev həmin yolda dayanmanın mümkün olmadığını bildirsə də, qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, həmin yolda 1-10 metr saxlama məsafəsi təyin edilmişdir. Lakin sürücü hadisənin baş verdiyi parkın kənarında gizlənərək, inzibati məsuliyyətdən yayınmaq istəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin və şahidlərin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X15 İdarəsinin polis mayoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixində, saat 15:49-da Babək prospekti, 1129-cu məhəllədə “Kia Ceed minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X6 tərəfindən məhkəməyə təqdim edilmiş videogörünütüdə iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir; 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixində, saat 15:49-da Babək prospekti, 1129-cu məhəllədə “Kia Ceed minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşları tərəfindən verilən işarəni görmədiyini, ondan nəqliyyat vasitəsini saxlamasını tələb etsələr belə həmin yolda dayanma və ya durmanın qeyri-mümkün olduğunu, gedib qabaqda saxladığını və onlardan qaçmaq niyyətinin olmadığını, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis baş serjantı X12 və baş inspektoru, polis leytenantı X11 hər biri ayrı-ayrılıqda verdikləri izahatlarında X4 yol hərəkəti qaydalarını pozduğunu, tərəflərindən verilmiş saxla əmrinə tabe olmadığını və hadisə yerindən qaçmağa çalışdığını bir daha təsdiq etmişlər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında X6 tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar