Məhkəmə qərarları › İş №3(011)-7290/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7290/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7290/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Baş X5 İdarəsinin EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X5 İdarəsinin EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28694153 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edirəm ki, göstərilən inzibati qərar qanunsuz, əsassızdır və ciddi prosessual qayda pozuntuları ilə qəbul olunmuşdur. Bu səbəbdən qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə vəsatətlə çıxış edirəm. İXM-nin 38.6-cı maddəsinə əsasən, "inzibati tənbeh vermə haqqında elektron qərar (həmçinin ona əlavə edilmiş foto və ya video materiallar) 24 saat müddətində şəxsin elektron kabinetinə yerləşdirilmədikdə, həmin şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz". Lakin bu maddənin tələblərinə baxmayaraq, mənim elektron kabinetimdə qərar və ona əlavə olunmalı olan materiallar vaxtında yerləşdirilməmişdir. Bu isə barəmdə inzibati məsuliyyətin tətbiqini hüquqi əsassız edir. İXM-nin 122.1-ci maddəsinə görə, xüsusi texniki vasitələrlə aşkar edilən xətalara dair elektron qərarlara həmin vasitələrin məlumatları (foto və ya video görüntülər) əlavə edilməlidir. Barəmdə qəbul edilmiş qərardan göründüyü kimi, cərimə TŞ4-055 saylı təhlükəsiz şəhər kamerasının qeydlərinə əsasən tətbiq edilmişdir. Lakin qərara yalnız kamera identifikasiya nömrəsi daxil edilmiş, xüsusi texniki vasitənin öz məlumatları (foto və ya video sübut) əlavə olunmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə sübutedici material məhz həmin vasitənin qeydiyyat məlumatları olmalıdır. Eyni zamanda, qeyd olunan T$4-055 kodlu kompleksdə bir neçə cihaz mövcuddur və onların hər biri ayrıca məlumat bazası formalaşdırır. Belə olduqda, yalnız ümumi kodun göstərilməsi həmin xəta barədə xüsusi texniki vasitənin dəqiq məlumatını təsdiq etmir və sübut kimi qəbul edilə bilməz. Qeyd olunan kameradan mütəmadi istifadə edən şəxs kimi bildirirəm ki, TŞ4-055 kodlu 360 dərəcəlik görüntüləmə funksiyasına malik kamera nasazdır və yalnız avtobus zolağını qeydə alır. Bunun özü də çəkilişin obyektivliyini şübhə altına alır. Belə ki, həmin məcəllənin 81.2-cimaddəsinə əsasn "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır". Bandan əlavə qeyd edirəm ki,, həmin yol 4 (dörd) hərəkət zolağından ibarətdir və yalnız avtobus zolağında düz və sağa, yəni Kamran Əfqari küçəsinə dönmək nəzərdə tutulmuşdur. Mən həmin gün, həmin vaxtda Babək prospektindən hərəkət edərək Kamran Əfqari küçəsinə dönməklə yoluma davam etmişəm. Avtobus zolağı digər hərəkət zolaqlarından 1.1 nişanlanma xətti ilə ayrılıbsa, bu zolağa digər nəqliyyat vasitələrinin daxil olması qanunla qadağandır. Lakin qeyd olunan ərazidə 1.1 nişanlanma xətti yalnız yolun məhdud bir hissəsini əhatə edir. Yolun giriş-çıxış hissələrində isə 1.11 nömrəli kəsik xətt mövcuddur və bu yerlərdən zolağa qismən daxil olaraq müvafiq manevr etmək qanunvericiliyə uyğundur. Qanunvericiliyə əsasən, digər nəqliyyat vasitələrinin sürücüləri yalnız giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək bu zolağa daxil ola və dərhal həmin yerdən yoldan çıxmalıdırlar. Bu zolağa daxil olub giriş-çıxış yerini keçərək hərəkəti davam etdirmək və yalnız növbəti 1.11 xəttinin olduğu yerdə zolağı tərk etmək qadağandır. Göründüyü kimi, qanunvericilik yalnız zolaq boyunca hərəkətin davam etdirilməsini qadağan edir. Təkrar diqqətə çatdırır ki, bu zolaqdan yalnız sağa manevr etmək məqsədilə və müvafiq qanunvericiliyin əblərinə uyğun şəkildə istifadə etmişdir. Qeyd edir ki, sağa dönmə yalnız həmin zolaqdan həyata keçirilə bilər. Bundan əlavə kamera görüntüsü araşıdırlıdıqa açıq məlum olar ki, mən həmin zolağdan istifadə edərək sağa manever etmişəm, həmin zolağı düz keçərək yola davam etməmişəm. Yuxarıda qeyd edilən normaların tələblərini və işin faktiki hallarını nəzərə alaraq, Bakı şəhər X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28694153 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş X5 İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 lazımi qaydada məlumat verilsə də, Baş X5 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X5 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X5 İdarəsinin EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 21:25-də “Toyota Camry minik” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xətai rayonu, Babək prospektində idarə edərkən idarə etdiyi nəqliyyat vasitəsi ilə 327.1-1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X3 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin EQ 28694153 nömrəli, 19 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar