Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7292/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci ildə işçisi olduğu "xxxx" MMC-nin “SMSRadar” mobil tətbiqindəki hesabına "xxxx" MMC-nin mülkiyyətində olan “İSUZU NPR 75KD YÜK” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində İXM-in 327.1-1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair bildiriş gəlmişdir. Həmin xəta üzrə müvafiq məlumatın qeyd olunduğu bildiriş ərizəyə əlavə olunur. İXM-in 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə fiziki şəxslər yüz manat məbləğində cərimə edilir. Bildirişdən göründüyü kimi hadisə xx.xx.2025-ci il tarixdə, saat 19:10-da qeydiyyata alınmışdır. Lakin bildiriş ona xx.xx.2025-ci ildə gəlmişdir. Daha sonra tərəfindən əldə olunmuş qərardan müəyyən edilmişdir ki, İXP7337615 nömrəli protokolun tarixi xx.xx.2025-ci il tarixinə aiddir. Halbuki həmin protokol (nə də protokol barəsində SMS məlumat) ona ümumiyyətlə göndərilməmişdir və bir anda xx.xx.2025-ci ildə qərar təqdim edilərək guya İXP7337615 nömrəli protokolun xx.xx.2025-ci ildə tərtib olunduğu qeyd olunmuşdur. Bu da onu göstərir ki, əslində protokol xx.xx.2025-ci ildə yox, xx.xx.2025-ci ildə tərtib olunmuşdur, sadəcə olaraq qanunda nəzərdə tutulmuş müddətin keçməsi ilə bağlı pozuntuya yol verməmək üçün guya xx.xx.2025-ci ildə tərtib olunmuş kimi göstərilmişdir. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin, hadisənin xx.xx.2025-ci ildə baş verməsini nəzərə alsaq, hesab edir ki, protokolun ümumiyyətlə göndərilməməsindən əlavə, xx.xx.2025-ci il tarixədək qərarın tərtib olunmaması da pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, əgər hadisə xüsusi texniki vasitələrlə aşkar olunubsa 13 gün ərzində vətəndaşa heç bir məlumat verilməməsi və qərarın bu qədər gec qəbul olunması qanunsuzdur. Həmçinin, indiyədək ona heç bir xüsusi texniki vasitələrin məlumatları göndərilmişdir. Hadisə yerində isə heç bir polis əməkdaşı olmamışdır, belə olan halda inzibati xəta hadisəsini DYP əməkdaşları xüsusi texniki vasitələrlə aşkar etməli idilər. Bu halda isə hadisənin baş verməsini təsdiq edən sübutlar protokol və qərarla birlikdə inzibati xətanı törədən şəxsə verilməlidir. Onu da qeyd edir ki, onun idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi evakuatordur. Həmin nəqliyyat vasitəsilə qəza vəziyyətində və ya nasaz olan nəqliyyat vasitələri təxliyə olunur. Buna görə də, inzibati xəta törədilməsə də və bunu əsaslandıran heç bir sübut olmasa da, hər bir halda həmin nəqliyyat vasitəsi nasaz vəziyyətdə olan avtobus zolağında dayanmış nəqliyyat vasitəsini təxliyə etmək üçün məcburi olaraq avtobus zolağına daxil olmuş ola bilər, bu isə inzibati xətanın tərkibini yaratmır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində tərtib olunmuş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X3 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı təhlil edilmiş videogörüntüyə əsasən müəyyən edilmişdir ki, X3 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq hərəkəti davam etdirmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X1 Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7292/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7292/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver