Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-73/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X6 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X12 şikayət ərizəsi ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi bildirmişdir ki, ünvan 1 ünvanında icarəyə avtomobil təmir sexi götürərək maşın ustası kimi fəaliyyət göstərir. Faəliyyətə başladığı dövrdən müvafiq vergi qurumlarında vergi ödəyici kimi uçota duraraq vergi və digər sosial sığorta ödənişlərini vaxtı vaxtında ödəyir. Qohumları olan X19 və X7 ona müraciət edərək avtomobil təmiri sahəsinə maraqlı olduqlarını, bu sahəni öyrənmək istədiklərini bildirərək onlara bu sahəni öyrənməkdə kömək etməyini xahiş etmişdilər. O da onların valideynləri ilə məsləhətləşdikdən sonra onların yanında bu sahəni öyrənməklərinə razılıq vermişdir. Bu dövr ərzində onlar istədikləri vaxt gəlib, istədikləri vaxt gediblər. xx.xx.2023-cü il tarixində Xətai rayon Polis İdarəsinin əməkdaşları istifadəsində olan təmir sexinə gələrək X19 və X5 polis maşınına mindirərək Xətai rayon Polis İdarəsinə aparıblar. X2 onun yanında işçi kimi işləməyi barədə izahat alıblar. Daha sonra həmin sənədlər aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin Bakı Şəhər Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə və X11 göndərilmişdir. X16 Bakı Şəhər İdarəsi Xətai rayon Polis İdarəsi tərəfindən göndərilən sənədlər əsasında barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 4000 (dörd min) manat məbləğində cərimə etmişdir. Polisin həmin şəxslər barəsində gördüyü tədbir tamamilə qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətanın törədilib-törədilmədiyi, inzibatı xəta törədən şəsxin təqsiri sübut edilməlidir. Bu iş üzrə bu halların sübuta edilməsi üçün səlahiyyətli orqan tərəfindən heç bir araşdırılma aparılmamışdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. X9 Bakı Şəhər İdarəsi polis tərəfindən qanuna zidd olaraq əldə edilmiş sübutlar əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilməlidir. Bundan əlavə həmin məcəllənin 76.2-ci maddəsinə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin qərar qanunsuz olmaqla yanaşı həm də bir fərdi sahibkar kimi gələcək fəaliyyətini təhlükə altında qoyur. Belə ki, həmin qərar üzrə ona tətbiq olunan cərimənin məbləği bir illik gəlirindən çoxdur. Bu da həm bir sahibkar kimi ona, həm də cənab Prezident tərəfindən kiçik sahibkarlara göstərilən xüsusi diqqət və qayğıya vurulan zərbədir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12 məhkəməyə yeni ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinin qismən təmin edilməsini, yəni qərarın dəyişdirilərək cərimənin məbləğinin 3000 manata endirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X19 və X7 vəzifəli şəxs X12 xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsində və 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərinə yerinə yetirilməsinə cəlb edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş və barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X13 izahatından görünür ki, Xətai rayonu, G.Mehmandarov küçəsi 26 ünvanında yerləşən avtomobil sexində çilingər köməkçisi işləyir. Gündəlik olaraq saat 11:00-dan 19:00-dək işləyir və bunun müqabilində usta ona 5 manat pul verir. İşləməyi barədə valideyni şifahi razılıq versə də, yazılı heç bir ərizə təqdim etməmişdir. Onunla usta arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Hal-hazırda orta məktəbdə oxusa da məktəbə getmir. İş materiallarında olan X4 izahatından görünür ki, təxminən 4 aya yaxındır ki, Xətai rayonu, G.Mehmandarov küçəsi 26 ünvanında yerləşən avto təmir sexində usta köməkçisi işləyir. Saat 08:00-dan 20:00-dək işləyir və bunun müqabilində gündəlik 10 manat alır. Usta ilə əmək müqaviləsi bağlamamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X15 olmaqla 2 azyaşlı övladı var. Məhkəmə şikayət ərizəsini, məhkəmə iclasında şikayətçinin yeni ərizəsini, proses iştirakçılarının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; 32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında şikayətçi X12 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsinin qismən təmin edilməsini, yəni qərarın dəyişdirilərək cərimənin məbləğinin endirilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmiş və ağırlaşdırıcı halların olmamasına baxmayaraq onun barəsində yuxarı həddə cərimə tətbiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X12 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən əməlində məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı övladlarının olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli idi. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli və barəsində 3000 manat məbləğində cərimə inzibati tənbəh tədbiri tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X6 şikayəti qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin və onun barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbəh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-73/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-73/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver