Məhkəmə qərarları › İş №3(011)-7352/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7352/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7352/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş X2 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, "xxxx" MMC-yə 3-17-5/2- 59905/2025 nömrəli xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən şirkətə göndərilən məktublar şirkətə çatdırılmamış, şirkətə bununla bağlı zəng olunmamış və şirkətin qeyd olunlarla bağlı heç bir məlumatı olmamışdır. Şitkət hazırda həmin ünvanda fəaliyyət göstərmir. Göndərdikləri məktubu hansısa şəxs guya götürüb, şirkətin həmin adlı əməkdaşı olmamışdır. Buna görə də protokol əsassız olaraq tərtib olunmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, "xxxx" MMC-yə 3-17-5/2-59905/2025 nömrəli xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3-17-5/2-59905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3-17-5/2-70943/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Poçt göndərişlərinin izlənməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3-17-5/2-59905/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və 3-17-5/2-70943/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktublar hüquqi şəxsə çatdırılmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, "xxxx" MMC-yə 3-17-5/2-59905/2025 nömrəli xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq sənədlər xx.xx.2025-ci il tarixinədək təqdim edilməmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1- ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.1.1- ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1- ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2- ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 150.1- ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir; 150.5.1 -ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir; 539.1 -1 -ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 539.3- cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs "VVODMART” MMC-nin barəsində inzibati xəta haqqında materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "VVODMART” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "VVODMART” MMC-yə məktub ünvanlanmış, lakin həmin məktublar hüquqi şəxsin ünvanına çatdırılmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "VVODMART” MMC-yə ünvanlanmış məktublar qeyd olunan ünvana çatdırılmamış, və bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmadığı qənaətinə gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi şəxs "VVODMART” MMC-nin barəsində əsassız olaraq 19 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs "VVODMART” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs "VVODMART” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar