Məhkəmə qərarları › İş №3(011)-7363/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7363/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7363/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Zirə sovxozunda yerləşən Şəxs MMC-yə məxsus istixananın ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli (Ns 3-14-43/2-1721/2024) xəbərdarlıq məktubunda müəssisələrinə ətraf mühitin çirkləndirilməsinə dair hesabatların təqdim edilmədiyi bildirilmişdir. Məlumat üçün bildirmişdir ki, məktubun tərtib edildiyi tarixdə və ondan əvvəlki dövrdə müəssisə tərəfindən heç bir fəaliyyət göstərilməmişdir. Belə olan halda nə tullantı atılması, nə də ətraf mühitin çirklənməsi faktı mövcuddur. Nəticə etibarilə, hesabat təqdim edilməsinə də obyektiv zərurət yaranmamışdır. İnzibati xəta haqqında protokolun tərtib olunma tarixi, inzibati xəta haqqında protokol xəta aşkar edildiyi andan sonra hansı tarixdə tərtib olunduğu məlum deyildir. Protokol tərtib olunan zaman İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, şirkətə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən, protokolun tərtib olunması üçün nümayəndə (eyni zamanda təsisçilərdən biri) X2 xx.xx.2025-ci il tarixində saat 10:30 da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində olmuşdur. Orada məsul əməkdaşla görüşülmüş, əməkdaş isə hüquqşünasın məhkəmə işi ilə əlaqədar idarədə olmadığını bildirmişdir. Fəaliyyətin olmamasını təsdiqləmək məqsədilə vergi xidmətinə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin "WhatsApp" vasitəsilə göndərilməsi xahiş olunmuşdur. Sonradan əməkdaşları idarədən ayrıldıqdan sonra, şirkətin məsul şəxsinin iştirakı olmadan protokol tərtib edilmişdir. Protokolla tanışlıq zamanı isə görünmüşdür ki, guya o, X5 protokol tərtib olunarkən orada olmuş və imza atmaqdan imtina etmişdir. Halbuki o, həmin tarixdə orada olmamış, yalnız nümayəndəsi iştirak etmişdir. Ona isə hüquqşünasın işdə olmadığını, məsələyə sonradan baxılacağını bildirmişlər. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, protokolun tərtibi zamanı qanun pozuntularının baş verdiyini bildirərək və bu məsələnin hərtərəfli araşdırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı 07 avqust 2025-ci il tarixli məktubdan görünür ki, X4 Azərbaycan Respublikasının Qanununa əsasən müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçot- hesabatı aparılmalı, 2 TG-(hava), 2TG-(təhlükəlı tullantı) və 2 TG-(su təsərrüfatı) dövlət statistik hesabatları ətraf mühiti çirkləndirən stasionar mənbələrə malik olan hüquqi, vəzifəli və fiziki şəxslər tərəfindən hər il fevral ayının 15-dək regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırıldıqdan sonra yerləşdiyi rayonun statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində real vaxt rejimində təqdim edilməsini təmin etməlidirlər. Regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırılmış statistik hesabatlar əsasında ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş ”Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Nəzərə çatdırmışdır ki, Qanunvericıllıkdə ətraf mühitin çirkləndirilməsinə görə ödəniş məbləği 2 ay ardıcıl ’olaraq ödənilmədikdə məhkəməyə müraciət olunması və ödəmə məbləği vaxtında ödənilmədiyinə görə hər gecikdirilən gün üçün ödənişin 0,1 %-i miqdarında (dəbbə pulu) cərimənin hesablanması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə (vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə) inzibati qaydada cərimələr nəzərdə tutulmuşdur. 04 saylı RETSİ tərəfindən xx.xx.2024-cü il tarixli 3-14- 43/2-1721/2024 nömrəli xəbərdarlıq məktubu (məktublari) göndərilsə də müəssisə tərəfindən indiyədək uçot- hesabatlar idarəyə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq barənizdə inzibati qaydada araşdırılım; başlanılmışdır. Aparılan inzibati araşdırmada içtirak etmək üçün Siz və ya səlahiyyət nümayəndəniz şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərlə birlikdə xx.xx.2025 cü il tarixdə saat 10:30-da İdarəyə gəlməyiniz və ya nümayəndənizin iştirakı təmiı olunmalıdır. Əks təqdirdə izibati araşdırma Sizin və ya nümayəndənizin iştirakı olmadar aparılaraq inzibati protokol tərtib ediləcəkdir. Qeyd olunan məktub H.Eldəniz tərəfindən xx.xx.2025-ci il tarixdə imza olunaraq qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. X8 Hesabatına dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il 28 mart tarixli 17/12 №-li qərarına uyğun olaraq hesabat atmosfer havasını çirkləndirən stasionar mənbələrə malik olan hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən (2-TG hava) fevral ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir (regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırıldıqdan sonra). X8 Hesabatına dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 08 aprel tarixli 24/11 №-li qərarına uyğun olaraq İstehsal prosesində təhlükəli tullantılar əmələ gətirən birliklər, müəssisələr, təşkilatlar və idarələr hesabatı (2-TG tullantılar) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə şöbəsi və rayon (şəhər) Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırdıqdan sonra yanvarın 25-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Lakin, iş materiallarında olan sənədlərdə 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə bu barədə müvafiq müraciətin olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, aydın olur ki, şirkət tərəfindən müəssisənin fəaliyyəti ilə əlaqədar tələb olunan ekoloji sənədlərin hazırlanması və müvafiq dövlət qurumu ilə razılaşdırılması xidmətlərinin göstərilməsi, habelə tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı aidiyyəti təşilatlarla müqavilələr imzalanmışdır. Hüquqi şəxsin müvafiq dövrdə fəaliyyət göstərib-gəstərməməsi aydınlaşdırılmamışdır Bununla da hüquqi şəxs Şəxs MMC-nin təqsirliyinə dair mötəbər sübutlar toplanılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Tələblərə uyğun olaraq 15 fevral tarixinə kimi regional ekologiya və təbii sərvətlər idarələri ilə razılaşdırılma aparılmalı olduğu nəzərə alınsa, növbəti gün 16 fevral tarixində inzibati xəta hadisəsi baş verməlidir. Həmin tarixdən dörd aydan artıq müddət keçdikdən sonra inzibati xətaya dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar