Məhkəmə qərarları › İş №3(011)-750/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-750/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-750/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3, müdafiəçilər – “As Leqal” Vəkil Vürosunun vəkili Nümayəndə və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 27 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı qərarına əsasən Şəxs 48234 manat pulun tutularaq X4 ödənilməlidir. Lakin Şəxs borcunu tam olaraq ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun hal-hazırda ödəməli olduğu məbləğ 41294 manat təşkil edir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam olaraq təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, əvvəllərdə onun barəsində borcunu ödəməkdən yayındığı üçün inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şirinov X6 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, Şəxs tərəfindən bugünədək olan borcundan sadəcə olaraq xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il taixdə 2940 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində ödəniş Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı icra sənədindən xəbəri olmuş və borcunu ödəməkdən imtina etməmişdir, lakin heç bir yerdə işləmədiyindən maddi imkanı aşağı olduğu üçün icra sənədi üzrə olan borcunu bugünədək tam olaraq ödəyə bilməmişdir. Fevral ayı üçün tərəfindən tələbkarın xeyrinə ümumi borcdan 5000 manat məbləğində ödəniş edilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, borcunu hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçilər Nümayəndə və X5 hər biri ayrı-ayrılıqda hüquqlarını müdafiə etdikləri şəxs Şəxs tərəfindən fevral ayı üzrə 5000 manat məbləğində pulun tələbkarın xeyrinə ödənildiyini, qalan borcun isə hissə-hissə ödəniləcəyini bildirərək şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında tələbkar X8 izahat verərək bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı icra sənədinə üzrə ümumilikdə 48234 manat məbləğində borcun Şəxs tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək tam olaraq ödənilmədiyindən onun ödəməli olduğu məbləğ 41294 manat təşkil etmişdir. Qalıq qalmış borcdan əlavə olaraq 5000 manat məbləğində ödəniş edilmişdir, hal-hazırda 36294 manat ödənilməmiş borc qalmışdır. Beləliklə o, icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(078)-597/2023 saylı icra sənədindən görünür ki, Şəxs 48000 (qırx səkkiz min) manat pul və 234 (iki yüz otuz dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq X4 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 4000 manat məbləğində pul vəsaiti X3 hesabına ödənilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-5230/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 153010/2023-1-13-006 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; tələbkar X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, inzibati xətanı törətmiş şəxs Şəxs tərəfindən 41294 manat borcdan ona 5000 manat məbləğində ödəniş edilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və müdafiəmilərinin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-597/2023 saylı icra sənədinin icrasını tam olaraq təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, Şəxs 48000 (qırx səkkiz min) manat pul və 234 (iki yüz otuz dörd) manat ödənilmiş dövlət rüsumunun tutularaq X3 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək olan borcundan sadəcə olaraq xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 2940 manat və xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində ödəniş edildiyindən, onun hazırki vaxtda ödəməli olduğu məbləğ 36294 manat təşkil edir. Bu hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində iki azyaşlı övladının olmasını, ümumi borcdan qismən ödəniş etməsini (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar