Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7505/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseyxanova Sevinc Eynur qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bank Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 21 avqust 2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, AZ1142, BAKİ ŞƏHƏRİ, XƏTAİ RAYONU, Babək pr., ev 12A, Blok C, mərtəbə 8, qapı 4-də olan "xxxx" QSC tərəfindən 84000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 84000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 21 avqust 2025-ci il tarixli, EP N° ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Protokolda cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bankın protokolunda göstərilmişdir ki, Cəmiyyət 84 000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, iki il keçsə də, vəsaitin hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. İlk növbədə bildiririk ki, Şəxs QSC ilə “GONG SHU QİNG” şirkəti arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların dəyəri 184 000 ABŞ dolları olaraq razılaşdırılmışdır. Qeyd olunan malların dəyəri 84 000 ABŞ dolları həcmində xx.xx.2023-cü il tarixində Yelo bank və 100 000 ABŞ dolları həcmində xx.xx.2023cü il tarixində Bank Respublika vasitəsilə “GONG SHU QİNG” şirkətinin bank hesabına ödənilmişdir. Mallar ölkə ərazisinə 16 X2 əsasında hər birində 11 500 ABŞ dolları məbləğində yük olmaqla (16*11 500=184 000) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gətirilmişdir. Bütün bəyannamələr üzrə ödəniş kodu 120 - yəni sonradan ödəniş kimi göstərilmiş, həqiqətən də malların dəyəri müqavilə və digər sənədlərə uyğun olaraq ölkə ərazisinə gətirildikdən sonra ödənilmişdir. Bəyannamələr və ödəniş sənədlərinin digər məlumatları, tərəflər, müqavilə nömrə və tarixi (FR0081, xx.xx.2023), malı adı (Kalsium Xlorid) və digər bütün məlumatlar eynilik təşkil edir. Bununla da, alqı-satqı əməliyyatı üzrə ödənişin tamamilə sonradan köçürmə növündə olması və bu münasibətlərin, ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyası ilə uyğunluq təşkil etmədiyi aydın olur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın subyektiv cəhəti təqsirin bir növü olan qəsddir, yəni bu xətanı törətmiş şəxs əməlini öncədən görməli, dərk etməli və bunu arzulamalıdır. Müvafiq xətanın tərkib elementini hazırkı işə tətbiq etsək, Cəmiyyət sadəcə gömrük bəyannaməsində bilməyərəkdən texniki səhvə yol vermişdir. Həmçinin bu inzibati xətanın qanunvericiliyə daxil edilmə məqsədlərinə nəzər saldıqda aydın olur ki, Cəmiyyətin yol verdiyi texniki səhv bu inzibati xətanı törətməyə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Cəmiyyətin təqdim etdiyi sənədlərdən məlum olur ki, malların ödənişi tam şəkildə mallar ölkəyə idxal edildikdən sonra köçürülmüşdür. Bu zaman nə dövlət maraqlarına ziyan vurulmuş, nə də ölkədə maliyyə sabitliyi pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlamla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə aydın olur ki, Şəxs QSC tərəfindən dəyəri ödənilmiş mallar ölkə ərazisinə tam həcmdə gətirilmiş, Mərkəzi Bank tərəfindən təqdim olunan sənədlərlə tərəfimizdən təqdim olunan sənədlərdəki məlumatlar tam olaraq eynilik təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(011)-7505/2025 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 10 avqust 2023-cü il tarixində 84000.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarında olan **********4154, **********4160, **********4150, **********4147, **********8618, **********8616, **********8611, **********8613, **********2094, **********1889, **********1896, **********1895, **********1757, **********2217, **********2220 və **********2214 saylı yük gömrük bəyannamələrindən görünür ki, mallar avans köçürməsindən əvvəl idxal edilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli Plenum Qərarına əsasən müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-7505/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7505/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver