Məhkəmə qərarları › İş №3(011)-7515/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7515/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7515/2025 16.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, X1 iştirakı ilə, SHXÇDX-nin Xətai rayon idarəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, SHXÇDX-nin Xətai rayon idarəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd etmək istəyirəm ki, xx.xx.2025-ci il tarixdə şəxsiyyət vəsiqəmi dəyişmək üçün 3 saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət etmişəm. Bu zaman mənə bildirilmişdir ki, hərbi vəzifəli şəxs olaraq qeydiyyat ünvanımı dəyişərkən 10 gün ərzində qeydiyyatda olduğum Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə məlumat verməmişəm. Bu əsasla SHXÇDX-nin 3 saylı Bakı Asan Xidmət Mərkəzindəki nümayəndəsi X3 tərəfindən araşdırma birtərəfli və kobud səhvlərlə aparılaraq, heç bir təqsirim olmadığı və müddət keçdiyi halda qeydiyyat ünvanımı dəyişərkən 10 gün ərzində qeydiyyatda olduğum Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə məlumat vermədiyim üçün 100 manat məbləğində cərimə olunmağım haqqında protokol tərtib olunmuşdur. Həmin vaxtı tərtib olunmuş protokolun surətini mənə versələr də cərimə olunmağıma dair qərarı mənə vermədilər. Bununla bağlı Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinə müraciət edərək qərarı tələb etdim. Həmin qərarı mənə 31 iyul 2025-ci il tarixdə mail ünvanıma göndərdilər. Mən də 10 gün müddət ötməmiş, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinə qərardan şikayət verdim. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 13 avqsut 2025-ci il tarixli, 3(011)-6134/2025 saylı qərardadına inzibati tənbeh vermə haqqında qərardadan verilmiş şikayətimin icraata qəbul olunmasından imtina olunmuş və şikayətə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərar Bu barədə olan mail ünvanıma göndərilmiş qərarın qəbul edilməsini təsdiq edən surət sizə göndərilir. Qeyd etmək istəyirəm ki, tərəfimdən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Mənə şəxsiyyət vəsiqəmi dəyişmək zəruri olduğundan, barəmdə tətbiq etdikləri həmin cəriməni tam həcmdə ödəmişəm. Bildirirəm ki, müvafiq protokol və onun əsasında Xidmətin Xətai rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1607754-li qərar qanunsuz və əsassızdır. İlk öncə qeyd edim ki, mən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə uyğun olaraq artıq hərbi vəzifəli şəxs deyiləm. Təvəllüdüm xx.xx.1981-ci ildir, 44 yaşım var. Mənə məxsus AO № 0237330-li hərbi biletdə uçot kateqoriyam 1, uçot qrupum ARSQ, heyət kimi əsgər, vəzifə ixtisası olaraq atıcı qeyd olunmuşdur. Hərbi vəzifəlilər heyətinə daxil olan birinci dərəcəli əsgərlər üçün ehtiyatda olmanın son yaş həddi 35-dir. Mən isə 35 yaşımı çoxdan keçmişəm. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Mən isə müvafiq inzibati xəta tərkibinin subyekti olmadığım üçün təqsirli sayıla bilmərəm və inzibati məsuliyyətdən söhbət gedə bilməz. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə müvafiq olaraq çağırışçılar dedikdə ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar, 2.0.10-cu maddəsinə əsasən isə hərbi vəzifəli dedikdə ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarını nəzərdə tutulur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda ehtiyatda olmanın son yaş hədləri aşağıdakı kimi göstərilmişdir: Ehtiyatda olmanın son yaş hədləri Hərbi vəzifəlilərin heyəti birinci dərəcə ikinci dərəcə üçüncü dərəcə Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş 45 yaş 50 yaş Kiçik zabitlər 50 yaş 55 yaş Baş zabitlər: mayor və polkovnik-leytenantlar 50 yaş 55 yaş polkovniklər 55 yaş 60 yaş ali zabitlər 60 yaş 65 yaş Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Nəzərinizə çatdırıram ki, sözügedən inzibati xətanın tərəfimdən törədilməməsinə baxmayaraq, mənim barəmdə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq inzibati xəta tərkibinin yaranması üçün inzibati xəta tərkibinin subyektinin hərbi vəzifəli və ya çağırışçı olması lazımdır. Protokolda göstərilib ki, guya mən qanunu bilmədiyim üçün inzibati xəta törətmişəm. Mən bir vəkil olaraq digər şəxslərin hüquqlarını müdafiə edirəm. Mənim qanunu bilməməyim mümkün ola bilərmi? Müvafiq olaraq onun əsasında qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar müddət nəzərə alınmadan qəbul edildiyi üçün qanunsuz və əsassızdır. İnzibati xəta haqqında MN ******* nömrəli 07 may 2025-ci il tarxili protokol tərtib olunma baxımından belə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməyib. Belə ki, protokolun müəyyən etdi hissəsində mənim İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyim göstərilməmişdir. Sözügedən protokol əsasında tərtib olunmuş MN ******* nömrəli qərar əsasında da 100 manat cərimə olunmağım da əsassızdır. Çünki qərarın müəyyən etdi hissəsində də mənim İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində və hansı əməli törətməyim göstərilməmişdir. Həmin qərarın nəticə hissəsində də mənim hansı normanın tələblərini pozmağım göstərilmədiyi halda məni 100 manat cərimə etmələri də qanunsuzdur. Çünki həm protokol, həm də qəbul olunmuş qərar qanunun tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Cavabdeh inzibati orqan tərəfindən işin halları düzgün araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 1)inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 2) dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 3) fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olarsa və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmazsa, inzibati xəta haqqında işin başlanmasına əsasdır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallardan biri də İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddətlərinin (1 il) keçməsidir. (İXM-in 53.1.6-cı maddəsi) İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Protokol tərtib olunarkən və qərar qəbul edilərkən inzibati tənbehin təyin oluna biləcəyi müddət ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müddəaları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsi olan insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. "İnzibati icraat haqqında" Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) uyğun olaraq, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 22.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 430.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Odur ki, yuxarıda sadalananları və İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.3 nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında SHXÇDX-nin Xətai rayon İdarəsinin 07 may 2025-ci il tarixli, MN № 1607754-li qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş SHXÇDXnin Xətai rayon idarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, SHXÇDX-nin Xətai rayon idarəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 606.2.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə - yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 Azərbaycan Respublikası İXM-in 606.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 07 may 2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 07 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 606.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X2 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan 07 may 2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, SHXÇDXnin Xətai rayon idarəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. SHXÇDX-nin Xətai rayon idarəsinin 07 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün SHXÇDX-nin Xətai rayon idarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar