Məhkəmə qərarları › İş №3(011)-7554/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7554/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7554/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Şikayət verən şəxs –X1 iştirakı ilə, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 yol nişanlarının tələblərinə riayət edilməməsi maddəsi ilə protokol tərtib olunmuşdur. X3 küçəsində yol- nəqliyyat qaydalarının guya pozulmasına əsaslanaraq, kamera vasitəsilə qeydə alınmışdır. Lakin qeyd olunan protokolu qanunsuz və əsassız hesab edir. Belə ki: 1. Yol nişanının görünməməsi, nişanların pozulması, dayanma xəttinin silinməsi, işıqforun görünməməsi. 2. Protokolda göstərilən halların sübutu yetərli deyil. 3. Hüquqları tam araşdırılmadan inzibati cərimə tətbiq olunmuşdur. 4. Protokol tərtib olunan gün, yəni xx.xx.2025 tarixində DİN-ə protokoldan online şikayət verilmişdir. Şikayət müraciəti 3-13-16/1-H-1321xx/xx/2025 nömrəsilə qeydə alınmışdır. Lakin 2 aydan çox keçməsinə baxmayaraq, dəfələrlə DİN Qaynar Xəttinə, DYP Qaynar Xəttinə müraciətinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prossesual Məcəlləsinin müvafiq maddələrinə əsasən, 1. Barəsində tərtib edilmiş xx.xx.2025 tarixli və EQ 28932567 nömrəli inzibati protokol qanunsuz hesab edilməsi və ləğv olunması. 2. İş üzrə əlavə sübutların (kamera görüntüsü və digər materialların) məhkəmədə araşdırılması təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş AR DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 14:20-də Həsən Əliyev-M.Qaşqay küçəsi, C.Hacıbəyli küçəsi istiqamətində “Chevrolet Cruze minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədərək barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “Chevrolet Cruze minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə edildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı qərara əsasən X1 xx.xx.2025ci il tarixdə saat 14:20-də Həsən Əliyev-M.Qaşqay küçəsi, C.Hacıbəyli küçəsi istiqamətində “Chevrolet Cruze minik” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 30 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 iyun 2025-ci il tarixli, EQ 28932567 saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar