Məhkəmə qərarları › İş №3(011)-7675/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7675/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7675/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində çıxarılan inzibati qərarın hüquqi əsassızlığına görə ləğv edilməsini, əgər hər hansı video və ya foto sübut mövcuddursa, onların dərhal ona elektron qaydada təqdim edilməsini, BDYPİ əməkdaşlarının vəzifə səlahiyyətlərindən düzgün istifadə etməməsi ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona 15 avqust 2025-ci il tarixində Babək prospektində guya avtobus zolağına daxil olmaqla bağlı inzibati xəta barədə BDYPİ tərəfindən inzibati cərimə göndərilmişdir. Lakin aşağıdakı hallar həmin qərarın qanunsuz qəbul edildiyini göstərir: 1. Ona yalnız qərarsız cərimə bildirişi göndərilmiş, lakin xətanın təsdiqi üçün əsas olan video və foto sübutlar təqdim edilməmişdir. Halbuki, İXM-nin 150.1 və 151.1-ci maddələrinə görə inzibati qərar yalnız müvafiq sübutlarla təsdiqlənməlidir. 2. Onun tərəfindən dəfələrlə elektron qaydada sübutların təqdim olunması tələb edilsə də, bu öhdəlik yerinə yetirilməmişdir. Bu vətəndaşın müdafiə hüququnun pozulmasıdır. 3. İXM-in 154.1-ci maddəsinə zidd olaraq inzibati xəta barədə qərar ona yalnız təxminən bir həftə gecikmə ilə göndərilmişdir. Bu da qanun pozuntusudur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.1, 150.1, 151.1 və 154.1-ci maddələrinin pozulduğunu bildirir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı Şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin, o, əlavə olaraq bildirmişdir ki, ona qeyri-rəsmi nömrədən zəng olunaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxması səbəbilə cərimə olunması barədə məlumat verilmiş və o da öz növbəsində polis əməkdaşından ona hadisə ilə bağlı görüntülərin təqdim olunmasını xahiş etmişdir. Lakin ona heç bir foto və ya videogörüntü təqdim edilməmişdir. O, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxmasını etiraf edir, lakin həmin vaxt yerdə qırıq-qırıq xətt olmasını nəzərə alaraq yolda tıxac olduğundan həmin zolağa çıxmış, daha sonra dönmə işığını yandıraraq avtomobillərə maneə yaratmamaq üçün əvvəlki zolağa keçmişdir. Sadəcə olaraq səlahiyyətli orqan tərəfindən onun hüquqları pozulmuş və qanunvericiliyin tələbləri pozularaq ona vaxtında məlumat verilməmiş və lazımi sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 08:39-da Bakı şəhəri, Babək prospektində “BMW 530İ minik” markalı, **- OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə Bakı Şəhər X7 İdarəsi tərəfindən göndərilmiş Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının inspektoru, polis serjantı Ümid Məmmədzadə tərəfindən tərtib edilmiş 15 avqust 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:39 radələrində Bakı şəhəri, Babək prospektində xidmət apararkən müəyyən etmişdir ki, “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət edir. Onun saxlanılması tərəfindən mümkün olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata başlama və inzibati araşdırma aparılması haqqında 15 avqust 2025-ci il tarixli qərardaddan görünür ki, “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir, “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir; 101.1-ci maddəsinə əsasən nzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır; 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 08:39-da Bakı şəhəri, Babək prospektində “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxmasını etiraf etdiyini, lakin həmin vaxt yerdə qırıq-qırıq xətt olmasını nəzərə alaraq yolda tıxac olduğundan həmin zolağa çıxdığını, daha sonra dönmə işığını yandıraraq avtomobillərə maneə yaratmamaq üçün əvvəlki zolağa keçdiyini, sadəcə olaraq səlahiyyətli orqan tərəfindən onun hüquqlarının pozulduğunu və qanunvericiliyin tələbləri pozularaq ona vaxtında məlumat verilmədiyini, lazımi sübutların təqdim edilmədiyini, barəsində qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər BPİ DYPİ-nin YPX Alayının inspektoru, polis serjantı Ümid Məmmədzadə tərəfindən bilavasitə aşkar edilmiş inzibati xəta hadisəsi barədə 15 avqust 2025-ci il tarixli raport tərtib edildikdən sonra “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə həmin tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. Baş vermiş inzibati xəta hadisəsi barədə müvafiq araşdırma aparılmalı olduğundan xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra həmin protokol əsasında qəbul edilmiş qərarla şəxsin barəsində cərimə cəzası tətbiq edilmişdir. Bundan əlavə, məhkəməyə səlahiyyətli orqan tərəfindən ünvanlanmış videogörüntüyə baxış zamanı da “BMW 530İ minik” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar