Məhkəmə qərarları › İş №3(011)-7683/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-7683/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-7683/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 08 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək övladı Məmmədli Məryəm ilə ünsiyyəti müəyyən edilmişdir. Lakin Şəxs üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-7683/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2642/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 3(011)- 7683/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 400/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs qızı X4 ilə hər həftənin şənbə günü saat 14:00-dan (gecə qalmaqla) bazar günü saat 14:00-dək, uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 17:00-dan 20:00-dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 12:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Lakin Şəxs uşağın atası ilə görüşməsinə maneə yaratmışdır. Ünsiyyət qaydası dəyişdikdən sonra problemlər yaranmağa başlamışdır. Tələbkar uşağa kənar təsir olunduğunu demiş, bu səbəbdən mütəxəssis dəvət etmişdir. Psixoloq ayrı-ayrılıqda söhbət etmək istəmiş, lakin Şəxs buna razı olmamış, onun yanında 1 saat söhbət aparılmışdır. Psixoloq şifahi formada bildirmişdir ki, uşağa təsirlər olunub. Protokol tərtib olunmuş, bundan sonra Şəxs rəhbərliyə müraciət etmiş, rəhbərlik bir həftə gözləməsini demişdir. Bir həftə gözləmiş, iltizam almış, lakin bir həftə sonra uşaq yenə görüşdən imtina etmişdir. Bundan sonra protokolun tarixini dəyişib məhkəməyə göndərmişdir. Görüşlər problemli olduğu üçün şöbədə keçirilmişdir. Əvvələr uşağla atanın ünsiyyətə normal olmuş, ünsiyyət qaydası dəyişəndən sonra problemlər yaranmağa başlamışdır. Bununla da borclu Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən xəbəri olmuş və heç vaxt icra sənədini icra etməkdən boyun qaçırmamışdır. Ona hər dəfə görüşlə bağlı icra məmuru tərəfindən zəng olunmuş və o, həmişə uşağı görüşlərə aparmışdır. Lakin övladı Məryəm Məmmədli atası ilə görüşlərə getməkdən imtina etmişdir. Bundan əlavə barəsində protokol tərtib edilərkən onun prosessual hüquqları pozulmuş, protokolun surəti ona təqdim edilməmiş və onun işdən məlumatı olmamışdır. Beləliklə o, göstərilənlərə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında vəkil X5 hüquqlarını müdafiə etdiyi Şəxs ilə razılaşdığını bildirərək inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən onun hər həftənin şənbə günü saat 14:00-dan (gecə qalmaqla) bazar günü saat 14:00-dək, uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 17:00-dan 20:00-dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 12:00-dan saat 20:00dək övladı ilə ünsiyyətdə olması müəyyən edilmişdir. Əvvələr görüşləri beş saat olmuşdur. Zabrat qəsəbəsində qaldığı üçün iki saat vaxtı yola getmişdir. Şəxs yaxında qalmasına baxmayaraq, bəzən uşağı gec gətirmişdir. Ünsiyyət qaydası dəyişmiş, yeni qaydaya görə uşaq gecə onunla qalmalı olmuşdur. Bundan sonra uşaq onunla görüşməkdən imtina etməyə başlamışdır. O, evdə uşaq üçün ayrıca otaq hazırlamış, hansı yeməyi istəyirdisə o yeməyi bişirtmişdir. Uşağı anasına qaytarandan sonra anası beş gün ərzində ona təsir etməyə başlamışdır. Uşaq ona desə idi ki, onunla görüşmək istəmir, onda beş saata razı olardı, lakin uşaq ona anam gecə qalmağa qoymur demişdir. Neçə dəfə uşaq xəstələnmiş, o, xəstələnmiş, bu səbəbdən görüşlər baş tutmamışdır. Məryəmin altı yaşı var və bu səbəbdən ona təsir çox tez edilə bilir. Şəxs ona şər atmışdır ki, onlar uşağın yanında söyüş söyür, onları pisləyirlər. Belə hal olmamışdır. Əgər elə olmuşdursa, onda uşaq niyə görüşəndə onu qucaqlayıb, çox istədiyini deyir. Onun istəyi övladı ilə görüşmək, onu görmədiyi yerləri gəzdirmək, intellektual böyütməkdir. Lakin uşağın anası buna manelər yaratmışdır. Odur ki o, inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını, təqdim olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən səlahiyyətli orqana geri qaytarılmalıdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, protokolda Şəxs hüquq və vəzifələri izah edilməmiş, həmin protokolun surəti ona təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru da, bunu təsdiq edərək, protokolun surətini Şəxs vermədiyini göstərmişdir. İXM-in 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmçinin inzibati xəta haqqında protokoldan xətanın mahiyyətin müəyyənləşdirmək mümkün deyil. Bundan əlavə protokolda düzəlişlər edilmişdir. Protokolda aparılmış düzəlişlərlə bağlı icra məmuru protokolun bir həftə əvvəl tərtib edildiyini, lakin məhkəməyə təqdim edilmədiyini, sonradan məhkəməyə təqdim edilərkən yeni tarix qoyulmaqla təqdim edilməsini göstərmişdir. Bunlardan əlavə, inzibati xəta haqqında protokolda mütəxəssisin rəyinə istinad edilmişdir, lakin, iş materiallarına rəy əlavə edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş materialda olan çatışmazlıqların aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar