Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7723/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 01 sentyabr 2025-ci il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Cəbrayıl rayon prokuroru, kiçik ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 01 sentyabr 2025-ci il tarixli qərarda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru vətəndaş X19 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq 15 aprel 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək X3 və X14 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zəfər Şamıyevi suvaq ustası, Rafiq Allahverdiyevi isə fəhlə kimi Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 barələrində qəbul edilmiş qərara etiraz edərək bildirmişdir ki, həmin şirkətin rəis müavini vəzifəsində çalışır. X3 və X14 heç vaxt "xxxx" MMC-də işləməmələrinə baxmayaraq səlahiyyətli orqan tərəfindən barələrində İXM-nin 192.1-ci maddəsilə inzibati icraatın başlanması qərara alınmışdır. Belə ki, həmin şəxslər bayram vaxtı şirkətə gələrək onlarda işə götürülməklərini istəmişlər. Lakin işçinin işə qəbul edilməsi üçün “SİMA” elektron imza tələb edildiyindən həmin şəxslər işə qəbul edilməmişlər. Daha sonra bu səbəbdən aralarında mübahisə yaranmış və onlar məcburi köçkün olduqlarını və maddi vəziyyətlərinin aşağı olduğunu bildirərək onları məcburi qaydada işə götürməklərini tələb etmişlər. Aralarındakı mübahisədən sonra onlara “SİMA” imzası ilə qeydiyyatdan keçmələrini və işlə bağlı şirkətin rəhbərliyinə müraciət etmələrini izah etmişlər. Qərarda adıçəkilən şəxslər şirkət tərəfindən əmək müqaviləsi olmadan heç bir işin yerinə yetirilməsinə cəlb edilməmişlər və onlar işlə təmin edilmədikləri üçün qərəzli şəkildə şikayət ərizəsi yazmışlar. Beləliklə göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror X16 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini təklif etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X12 izahatında bildirmişdir ki, X3 və X14 ilə "xxxx" MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamış və onlar hər hansı işin görülməsinə cəlb edilməmişlər. Həmin şəxslər onlar işlə təmin edilmədikləri üçün qərəzli şəkildə şikayət ərizəsi yazmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəbrayıl rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 05 iyul 2025-ci il tarixli qərardan görünür ki, HK-1/184 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Cəbrayıl rayon prokuroru, kiçik ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 01 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır; "xxxx" MMC-nin təhlükəsizlik üzrə mühəndisi X5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır və Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində "xxxx" MMC tərəfindən aparılan tikinti işlərində işləyir. X15, Ağayar Şamıyev, Elgün İsmayılov, Yusif Nəzərli və Zəfər Şamıyev yaxınlaşıb işlə təmin olunmasına köməklik göstərmələrini xahiş etmişlər. O, onlara demişdir ki, SİMA-da qeydiyyatdan keçmək lazımdır və müqavilə imzalandıqdan sonra onlar işlə təmin olunacaqlar. Lakin onlarda SİMA qeydiyyatı olmadığı üçün onlarla müqavilə bağlanmamış və onlar iş ilə təmin olunmamışdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Cəbrayıl rayon prokurorluğundan daxil olmuş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, tərəflərin çıxışlarını və şahidlərin izahatlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cəbrayıl rayon prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 və X6 15 aprel 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə inzibati icraatın başlanması qərara alınmışdır. Lakin məhkəmə iclasında şahid qismində izahatı alınmış X12 izahatında bildirmişdir ki, X3 və X14 ilə "xxxx" MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamış və onlar hər hansı işin görülməsinə cəlb edilməmişlər. Bundan başqa məhkəməyə ünvanladığı ərizəsində şahid X7 qeyd etmişdir ki, o, "xxxx" MMC-də əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır və Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində "xxxx" MMC tərəfindən aparılan tikinti işlərində işləyir. X15, Ağayar Şamıyev, Elgün İsmayılov, Yusif Nəzərli və Zəfər Şamıyev yaxınlaşıb işlə təmin olunmasına köməklik göstərmələrini xahiş etmişlər. O, onlara demişdir ki, SİMA-da qeydiyyatdan keçmək lazımdır və müqavilə imzalandıqdan sonra onlar işlə təmin olunacaqlar. Lakin onlarda SİMA qeydiyyatı olmadığı üçün onlarla müqavilə bağlanmamış və onlar iş ilə təmin olunmamışdırlar. Məhkəmə həmçinin qeyd edir ki, qərarda X6 əmək müqaviləsi olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işlərin görülməsinə cəlb edildiyi göstərilsə də, səlahiyyətli şəxslər tərfindən onun izahatı ümumiyyətlə alınmamış, həmin şəxsin həqiqətən Cəbrayıl rayonuna gedib-getməməsini, həmin rayona getmişsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Bundan əlavə iş materiallarına sms yazışmaların fotoşləkilləri əlavə edilmişdir. Lakin həmin fotoşəkillərə məhkəmə tərəfindən baxış keçirilərkən də X1 və ya X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı işə cəlb olunmalarını təsdiq edən fakt aşkarlanmamışdır. Bununla da, yuxarıda götərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cəbrayıl rayon prokurorluğu tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 01 sentyabr 2025-ci il tarixli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-7723/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7723/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver