Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-78/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 25 dekabr 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 25 dekabr 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə qanuni şəkildə idarə etdiyi “HYUDAİ AZER MİNİK” markalı, "**-BM-***" dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nömrəli DYP avtomobili mənə saxla əmrini verdi. DYPİ-nin Müşayiət - Eskort bölüyünün YPX inspektoru, polis baş serjantı X6 ondan sənədlərini tələb etdi. Kompüter vasitəsi ilə onun məlumatlarını yoxladı və sənədlərində heç bir qanun pozuntusu aşkar olunmadı. Daha sonra ona irad tutdu ki, dumana qarşı işıqlarında qeyri- qanuni olan led lampalar var və o səbəbdən də avtomobil cərimə meydançasına aparılmalı, orada lampalar dəyişdirildikən sonra cəriməsi ödənilməklə avtomobil dayanacaqdan buraxılmalıdır. O həmin əməkdaşa bildirmişdir ki, əvvəla onun avtomobilində olan lampaları qanunvericilik qadağan etmir, digər tərəfdən, əgər, YPX əməkdaşı hesab edirsə ki, lampalar standartlara uyğun deyil, onda o dərhal həmin lampaları yerində dəyişdirməklə qeyd olunan standarta uyğun olan lampanı quraşdımağa qadirdir. O nə qədər desə də, YPX əməkdaşı lampanı dəyişdirməyinə və onun dediyi nasazlığı aradan qaldırmağına imkan vermədi. Ailə üzvləri avtomobildə ola-ola avtomobili cərimə meydançasına aparıldı. Cərimə meydançasında o avtomobildə olan led lampaları çıxarıb öz standart lampalarını quraşdırmışdır. Lampanı dəyişmək üçün xüsusi biliyə və ya mütəxəssisə ehtiyac yoxdur. Avtomobilin dayanacağa qəbulu zamanı tərtib olunmuş aktda da onun tərəfindən led lampaların zavod istehsalı lampalarla əvəz olunması qeyd olunmuşdur. Həmin aktla o Bakı DYPİ-nin 30-cu otağına yaxınlaşdım. İnzibati otaqda birinci dələ Anar adlı əməkdaş onun avtomobilini dayanacaqdan çıxarmağına icazə verməyərək bildirdi ki. lampaların dəyişdirilməsi mütəxəssis tərəfindən həyata keçirilməli, bu barədə akt tərtib olunmalı, həmin akt idarəyə təqdim edildikdən sonra avtomobilin dayanacaqdan götürülməsinə icazə verilməlidir. O, bu etirazını bildirsə də faydası olmadı. O ilk öncə Hyundai servizə müraciət etmişdir. Onlar belə bir xidmətlərinin olmadığını bildirdilər. Daha sonra o da məcbur qalıb gedib Renault avtomobil servis mərkəzinə müraciət etmişdir. Həmin servizdən elektrik mütəxəssislə birgə dayanacağa gəlmişlər. Mütəxəssis lampalara baxış keçirdi və lampaların onun tərəfindən düzgün qaydada zavod istehsalına dəyişdirildiyi müəyyən edildi və bu barədə servizdən ona arayış verildi. Onun tərəfindən həmin an videoya çəkilmişdir və məhkəməyə təqdim ediləcəkdir. O həmin arayışla birgə yenidən DYPi-nin 30-cu otağa yaxınlaşmışdır. İnzibati otaqda polis kapitanı X2 təqdim etdiyi arayış əsasında avtomobilinin cərimə meydançasından götürülməsinə icazə kağızı verdi. Bununla o avtomobilini cərimə meydançasından çıxarmışdır. Həmçinin, avtomobili Xətai rayonu, Y. Səfərov küçəsində saxlanılsa da orada tələb etməyinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş və protokol ona verilməmişdir. Əməkdaş ona sabah Bakı şəhəri DYPi-nə yaxınlaşmaqla protokolu oradan götürməyini söylədi. Protokol ona hadisədən bir gün sonra, yəni, xx.xx.2023-cü il tarixdə 30-cu otaqda Zaur adlı şəxs vermişdir. İnzibati tənbeh vermə haqqında protokol da həmin tarixdə ona təqdim edilmişdir. O protokola baxanda anladı ki, o, bir gün öncəki xx.xx.2023-cü il tarixlə ona protokol tərtib etmişdir. Protokoldan görünür ki, barəsində Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmiş, həmin maddə ilə də inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə görə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. DYP-nin qərarından Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin "3(011)- 4474/2023" saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətinin qismən təmin edilməsi, Əliyev onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətməyinə dair Bakı şəhəri BPİ X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X11 İdarəsinə qaytarılması qərara alınmışdır. Qərar icraya göndərildikdən sonra ona Bakı şəhər DYPİ-dən məktub gəlmişdir ki, xx.xx.2023-cü il tarixədək Bakı şəhər BPİ DYP İdarəsinə gəlməlidir. O da xx.xx.2023-cü il tarixdə həmin idarəyə qeyd olunan otağa yaxınlaşmışdır. Orada əyləşən inzibati araşdırma üzrə baş inspektor Arzuman Arzumanlı ondan cəriməni ödəyib ödəməmək istəyini soruşdu. O isə cavabında bildirmişdir ki, məhkəmə qərarı ləğv edib yenidən araşdırmaya göndərib, o niyə cərimə ödəsin ki! Arzuman Arzumanlı cavab verdi ki, onda yenə qərar verib onu təqsirli biləcəklər. O da demişdir ki, araşdırma aparmadan qərar qəbul edə bilməzlər. Onlar isə dedilər ki, qərarı veriblər, “narazısansa get yenə məhkəməyə ver”. Bakı şəhər BPİ DYP İdarəsinin bu qərarı tamamilə qanunsuzdur, əsassızdır, ləğv ediməli, iş üzrə icraata xitam verilməlidir. Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bakı şəhər DYPİ-nin “TP 6189198” nömrəli, xx.xx.2023-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 dekabr 2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə X3 barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 3(011)-4474/2023 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, onun barəsində Bakı şəhəri BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermək haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. “Yol hərəkəti haqqında” Qanunun 84-cü maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək vəzifəsi var. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavə olan “Nəqliyyat vasitələrinin nasazlıqlarının” siyahısının İİİ bəndində xarici işıq cihazlarında aşağıdakılar nasazlıq müəyyən edilmişdir: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 barəsində Bakı şəhəri X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X3 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri X11 İdarəsinin əməkdaşı tərəfindən protokol qanunun tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolla tanış olmaq imkanının yaradılması barədə məlumat, protokolun surətinin təqdim edilməsi və ya ondan imtina edilməsi barədə məlumatlar, hüquqları və vəzifələrin izah edilməsi barədə müvafiq qeyd öz əksini tapmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamışdır. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Dövlət Yol İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 25 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-78/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-78/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver