Məhkəmə qərarları › İş №3(011)-783/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-783/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-783/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X6, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 17 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Azad və Xədicə adlı uşaqlar Şəxs tutularaq X2 verilməlidirlər. Lakin borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Həmçinin tərəflərindən dəfələrlə borclunun yaşadığı ünvana baş çəkilsə də, İsmayıl və Xədicə adlı uşaqlar analarının yanına getmək istəməmişlər. Bununlada borclu Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru bildirmişdir ki, borclu tərəfindən icra sənədinin icra edilməsinə qarşı heç bir hərəkət edilməmişdir, uşaqlar anasına getmək istəmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən övladları 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X4 anaları X7 himayəsində saxlanılmaları və ona verilmələri qət edilmişdir. İcra sənədini icra etməkdən heç vaxt boyun qaçırmamışdır. Bu vaxtadək övladları ilə dəfələrlə söhbət edərək ananın müqəddəs olduğunu izah etmiş, onları İcra Şöbəsinə gətirərək anaları ilə görüşmələrini təşkil etmişdir. Lakin övladları analarından sevgi görmədiklərinə, işgəncələrə məruz qaldıqlarına və anaları tərəfindən tərk edildiklərinə görə onun yanına getmək istəməmişlər. Həmçinin, icra məmuru bir neçə dəfə yaşadıqları ünvana gələrək övladlarını analarına vermək istəmiş, lakin onlar getməyi qəbul etməmişlər. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 İsa qızı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən övladları 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X4 onun himayəsində saxlanılmaları və ona verilmələri qət edilsə də, bu vaxtadək icra sənədi üzrə tələb icra edilməmiş və uşaqları ataları Şəxs təsirinə məruz qalaraq onun yanında qalmağa davam etmişlər. Odur ki o, göstərilənlərə əsasən icra sənədi üzrə olan tələbin icra edilərək övladlarının ona verilmələrini və Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan övladları 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X4 anaları X7 himayəsində saxlanılmaları, onların cavabdeh Şəxs alınaraq X8 verilmələri, cavabdeh Şəxs 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir; icraata başlama haqqında 06 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası 14 yanvar, 21 yanvar və 26 yanvar 2022-ci il tarixlərdə saat 11:00-a təyin edilmiş və bu barədə tərəflərə şifahi məlumat verilmişdir. Təyin olunmuş vaxtda tərəflər İcra Şöbəsinə gəlmişlər, lakin tərəflərindən göstərilmiş çoxsaylı səylərə baxmayaraq İsmayıl və Xədicə adlı uşaqlar anaları Şəfanə Məmmədovanın yanına getmək istəməmişlər və ataları Şəxs uşaqların analarına verilmələrinə təşəbbüs göstərməmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası 29 iyul 2022-ci il tarixə saat 14:30-a təyin edilmiş və bu barədə tərəflərə şifahi məlumat verilmişdir. Təyin olunmuş vaxtda tərəflər İcra Şöbəsinə gəlmişlər, lakin tərəflərindən göstərilmiş çoxsaylı səylərə baxmayaraq İsmayıl və Xədicə adlı uşaqlar anaları Şəfanə Məmmədovanın yanına getmək istəməmişlər və ataları Şəxs uşaqların analarına verilmələrinə təşəbbüs göstərməmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası 18 noyabr 2022-ci il tarixə saat 15:00-a təyin edilmiş və bu barədə tərəflərə şifahi məlumat verilmişdir. Təyin olunmuş vaxtda Məmmədov X9 və Xədicə adlı uşaqlarla, Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsinin mütəxəssisləri Xətai rayon İcra Şöbəsinin 03 saylı otağına gəlmişlər. Görüş zamanı uşaqlar anaları ilə danışmaqdan, ünsiyyət qurmaqdan çəkinmişlər, analarının yanına getməkdən imtina etmişlər və aparılmış profilaktik söhbətlər zamanı buna səbəb onların kənar təsirə qalmasıdır. Gələcəkdə görüşün səmərəliliyinin artırılması üçün uşaqların psixoloji reabilitasiya mərkəzlərində psixoloji reabilitasiya keçmələri məqsədəmüvafiq hesab edilmişdir; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası 25 noyabr 2022-ci il tarixə saat 13:00-a təyin edilmiş və bu barədə tərəflərə şifahi məlumat verilmişdir. Təyin olunmuş vaxtda tərəflər İcra Şöbəsinə gəlmişlər, lakin tərəflərindən göstərilmiş çoxsaylı səylərə baxmayaraq İsmayıl və Xədicə adlı uşaqlar anaları Şəfanə Məmmədova ilə ünsiyyətdə olmaq istəməmişlər və Şəxs avtomaşınından düşməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3154/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından olan övladları 15 oktyabr 2013-cü il təvəllüdlü X3 və X4 anaları X7 himayəsində saxlanılmaları, onların cavabdeh Şəxs alınaraq X8 verilmələri qət edilsə də, cavabdeh Şəxs tərəfindən icra sənədinin icra edilməsinə heç bir maneə törətməmiş, icra məmurunun qanuni tələblərinə riayət etmiş, icra məmuru tərəfindən təyin olunmuş vaxtlarda övladları ilə birgə Xətai rayon İcra Şöbəsinə gələrək onların anaları Şəfanə Məmmədova ilə ünsiyyətdə olmaqlarına və onun yanına getmələrinə dəfələrlə şərait yaratmış, buna baxmayaraq İsmayıl və Xədicə adlı uşaqlar analarının yanına getməkdən imtina edərək atalarının himayəsində qalmağa davam etmişlər. Qeyd olunan hal iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib olunmuş aktlarla öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar