Məhkəmə qərarları › İş №3(011)-7835/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7835/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7835/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7478589 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7478589 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında **-YQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən barəmdə əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib edilmiş, mənim 100 (yüz) manat məbləğində cərimə növündə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilmişdir. Qeyd edilən tarixdə taksi fəaliyyəti ilə məşğul olan sürücü kimi sərnişini təyinat nöqtəsinə çatdıraraq avtomobildən düşməsi üçün qısa müddətə dayanmışdır. Həmin ərazidə 5.9, 5.10.1-5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağı mövcuddur. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən, belə zolaqlarda sərnişinlərin minməsi və ya düşməsi məqsədilə qısa müddətə dayanmağa icazə verilir. Hadisə zamanı ümumi istifadədə olan nəqliyyat vasitəsi (avtobus və s.) həmin ərazidə olmayıb. Onun dayanmağı nə yol hərəkətinə mane olub, nə də qəza şəraiti yaradıb. Bu səbəbdən barəsində tərtib edilmiş inzibati protokol əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İndiki halda qeyd edilən hərəkət digər nəqliyyat vasitələri və şəxslər üçün heç bir təhlükə törətmədiyindən tətbiq olunmuş cərimə inzibati tənbehin qanunvericiliklə nəzərdə tutulan məqsədlərindən kənara çıxır. Özü ağır şəkər xəstəsidir, davamlı müalicə və dərman xərcləri ailə büdcəsini xeyli çətinləşdirir. Öhdəsində 2 məktəbyaşlı övladı var, həyat yoldaşı işləmir. Əvvəllər xəstəliyinə görə pensiya alırmış, lakin təyin olunmuş müddət bitmişdir. Yenidən təyin olunma prosesi isə hələ davam edir. Hazırda ailəsinin yeganə dolanışıq mənbəyi onun taksi fəaliyyəti ilə qazandığı gündəlik qazancdır. Belə şəraitdə tətbiq olunmuş 100 manat cərimə ailənin maddi vəziyyətini daha da ağırlaşdırır, müalicə xərclərinin qarşılanmasını çətinləşdirir və övladlarının təhsil, gündəlik ehtiyaclarının ödənilməsinə mane olur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 5.10.1-5.10.3 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 48.4-cü maddəsinə əsasən, 5.9, nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, dönərkən bu zolağa keçə bilməsi, həmçinin belə yerlərdə yola girərkən vəhərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmaması şərtilə bu zolağa keçməsinə icazə verildiyi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, TP7478589 saylı qərarın ləğv edilməsi və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin müvafiq görüntülər məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən məhkəmə qərarından şikayət olunan orqanın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən şikayət vermiş şəxs şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini və xx.xx.2025-ci il tarixli, TP7478589 saylı qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP7478589 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 09:10-da “BYD DESTROYER 05 PLUG-in HİBRİD” minik markalı, **-YQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən X3 xx.xx.2025-ci il tarixində, saat 09:10-da “BYD DESTROYER 05 PLUG-in HİBRİD” minik markalı, **-YQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 346.8-ci maddəsinə əsasən 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə –yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə avtobus zolağına daxil olmuş və bu yolda sərnişin düşürtmək üçün avtomobili saxlamışdır, bununla da qanunu pozmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7478589 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7478589 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar