Məhkəmə qərarları › İş №3(011)-784/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-784/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-784/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxslər X6 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 17 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədləri üzrə ümumilikdə 232530 manat məbləğində borc yaranmışdır. Lakin borclu icra sənədinə əsasən olan borclarını uzun müddət ərzində ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs şifahi və yazılı xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əsədov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədi üzrə olan borc məbləği hal-hazırda tələbkar tərəfindən tələb edilmir. Həmçinin həmin icra sənədi ilə bağlı o, qeyd etmişdir ki, hal-hazırda yuxarı instansiya məhkəməsində həmin iş ilə bağlı mübahisə var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5641/2021 saylı icra sənədi ilə bağlı isə o, qeyd etmişdir ki, həmin icra sənədi xx.xx.2023-cü il tarixdə İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi yeni olduğunudan borc tələbinin icra olunmasını təmin etmək məqsədilə heç bir məcburi icra tədbiri hələ ki, görülməmişdir. xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədi üzrə isə tələbkara 7300 manat miqdarında ödəniş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədləri üzrə olan borcundan hər ay hissə-hissə ödənişlər etmişdir. Hal-hazırda borcunu ödəməyə maddi imkanı yoxdur, ürək xəstəliyindən əziyyət çəkir, lakin tez bir zamanda icra sənədləri üzrə olan borcunu ödəyəcəkdir. Beləliklə o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı icra sənədinə əsasən onunla cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 88000 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış borcunu ödəməkdən qərəzli olaraq boyun qaçıraraq, məhkəmə qətnaməsini icrasından yayınmışdır. Odur ki o, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokolla razılaşdığını və borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədinə cavabdeh Şəxs ümumilikdə 81530 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə yaranmış borcunu tam olaraq ödəməkdən qərəzli olaraq boyun qaçıraraq, məhkəmə qətnaməsini icrasından yayınmışdır. Həmçinin o qeyd etmişdir ki, bu vaxtadək borclu tərəfindən icra sənədi üzrə olan borcdan yalnız 7300 manat məbləğində ödəniş edilmişdir. Odur ki o, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş protokolla razılaşdığını, lakin borclu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 81500 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 81530 manat məbləğində pul vəsaitinin X1 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, 172624/2019-32-5-004 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; iş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, cavabdeh Şəxs tərəfindən hissə-hissə olmaqla ümumilikdə 7300 manat məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə ödənilmişdir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhəmədən xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı icra sənədindən görünür ki, X9 ilə Şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 88000 manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi, X9 ilə Şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu, ümumilikdə 63000 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pulun alınaraq X4 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs ürək əməliyyatı keçirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun çıxışı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-3639/2019 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs əsas borca görə 81500 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 81530 manat məbləğində pul vəsaitinin X1 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs yaranmış borcunu ödəməkdən boyun qaçırmış və borc məbləğindən bu vaxtadək yalnız 7300 manat məbləğində ödəniş etmişdir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Bununlada, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Bundan başqa, məhkəmə borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5641/2021 saylı icra sənədi üzrə olan tələbin icrasından boyun qaçırması faktının olması ilə razılaşmayaraq qeyd edir ki, həmin icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanmasına baxmayaraq, icra məmuru tərəfindən borc tələbinin icra olunmasını təmin etmək məqsədilə heç bir məcburi icra tədbiri görülmədən, cavabdeh şəxsin barəsində icra sənədi üzrə olan tələbin icrasından qərəzli olaraq boyun qaçırması halının mövcudluğu əsas gətirilərək əsassız yerə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-173/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu, ümumilikdə 63000 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pulun alınaraq X4 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, bu vaxtadək Gülnara Təhməzova tərəfindən həmin borcun ödənilməsi borclu Şəxs tələb olunmamış və ona qarşı hər hansı bir şikayət irəli sürülməmişdir ki, qeyd olunan hal cavabdehin icra sənədi üzrə olan tələbin icra edilməsindən qərəzli olaraq yayınmasını istisna edir. İcra məmuru da öz izahatında həmin icra sənədi üzrə hal-hazırda yuxarı instansiya məhkəməsində mübahisə olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi şəxsin əməlindən peşmançılıq çəkməsini, ürək əməliyyatı keçirdiyini və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar