Məhkəmə qərarları › İş №3(011)-785/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-785/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-785/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X2 və “Faiq Nağıyev və partnyorları” Vəkil bürosunda fəaliyyət göstərən vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MKM-nin direktoru X6 iştirakları ilə, Şəxs MKM-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 16.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MKM və onun rəhbəri X12 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra sənədində qeyd olunan tələb təmin edilməmiş və iddiaçı X7 heç bir mənzillə təmin edilməmişdir. Bununlada, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MKM-nin direktoru X12 izahat verərək bildirmişdir ki, Bakı şəhəri icra hakimiyyəti başçısının 24.12.2004-cü il 305 saylı sərəncamı ilə "Babək-94“ MKM-nə Bakı şəhəri, Xətai rayonu, R.Rza küçəsindəki 2942A saylı məhəllədə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində 2005-ci ildən çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanılmış və 2010-cu ildə tikinti başa çatdırılmışdır.Tikintinin aparılması üçün "xxxx" MMC ilə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən görülən işlərin müqabilində "xxxx" MMC-yə sayı və ölçüləri razılaşdırılmış mənzillər verilmişdir. Belə mənzillərdən biri də 2-ci giriş 16-cı mərtəbədə yerləşən 206 saylı, 2 otaqlı mənzil olmuşdur. “Azərtikinti ATF" MMC “Babək-94" MKM-yə müraciət edərək həmin mənzilin X1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Sonradan isə müraciət edərək həmin mənzilin digər adamın Məhəmmədrəsulov Rəşadın adma rəsmiləşdirməyi xahiş etmişdir və bildirmişdir ki, X7 ilə məsələni özü həll edəcəkdir. Lakin nə Şahbazov İlqar, nə də Məmmədrəsulov Rəşad bu mənzilə görə "xxxx" MKM-yə heç bir pul vəsaiti ödəməmişdir. Qeyd etməlidir ki, "xxxx" MMC-nin direktoru X15 həbs edilmiş və həbsxanada vəfat etmişdir. X14 məhkəməyə müraciət edərək “Babək-94" MKM-dən həmin mənzili tələb etmişdir. Şahbazov İlqar məhkəməyə müraciət edən zaman göstərilən ünvanda “Babək-94" MKM-nin tikməli olduğu bütün binalar tikilib başa çatdırılmışdır və bütün mənzillər satılmışdır. Buna görə də X4 həmin ünvanda tikilmiş binalarda hər hanısı mənzilin verilməsi mümkün olmamışdır və bu gün də mümkün deyildir. Beləliklə o, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadıqlarını, icra vərəqəsinin icrasından qərəzli olaraq boyun qaçırmadıqlarını, yeni bina tikildiyi təqdirdə X1 mənzillə təmin olunacağını bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, məhkəməyə fotoşəkillər təqdim edərək Bakı şəhəri, Xətai rayonu, R.Rza küçəsindəki 2942A saylı məhəllədə yeni binanın inşasına başlanılmadığını qeyd etmişdir. Məhkəmə iclasında tələbkar X1 etibarnamə üzrə nümayəndəsi X9 və “Faiq Nağıyev və partnyorları” Vəkil bürosunda fəaliyyət göstərən vəkili X10 hər biri ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)- 5371/2017 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 №-li mənzilin əvəzi olaraq Şəxs tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçı X4 təhvil verilməsi vəzifəsi Şəxs MKM-nin üzərinə qoyulmuşdur. Lakin xeyli müddət keçməsinə baxmayaraq icra sənədində qeyd olunmuş tələb təmin olunmamış və X4 heç bir mənzil təqdim olunmamışdır. Odur ki, onlar Şəxs MKM və onun direktoru X6 icra sənədinin təmin olunmasından qərəzli olaraq boyun qaçırdıqlarını bildirərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MKM-nin direktoru X6 inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən tərtib olunmuş 16.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MKM və onun rəhbəri X12 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra sənədində qeyd olunan tələb təmin edilməmiş və iddiaçı X7 heç bir mənzillə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 №-li mənzilin əvəzi olaraq Şəxs tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçı X4 təhvil verilməsi vəzifəsi Şəxs MKM-nin üzərinə qoyulmuşdur; icraata başlamaq haqqında 28.03.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MKM-nə göndərilmişdir; iş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Rza küçəsindəki 2942A saylı məhəllədə yeni binanın inşasına hazırki vaxt üçün başlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MKM-nin direktoru X12 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin icra edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımi zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, 2942 “a” məhəllə, M.Hadi və İ.Zülfüqarov küçələrinin arasında inşa olunmuş 5 bloklu 16 mərtəbəli binada yerləşən 206 №-li mənzilin əvəzi olaraq Şəxs tərəfindən inşa edilmiş və həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasından mübahisəli mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin iddiaçı X4 təhvil verilməsi vəzifəsi Şəxs MKM-nin üzərinə qoyulmuşdur. Lakin iş materiallarına əlavə olunmuş fotoşəkillərdən və tərəflərin izahatlarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-5371/2017 saylı icra vərəqəsində qeyd olunan ünvanın yaxınlığında tikintisi başa çatdırılmış yaşayış binası olmadığından X5 yeni mənzillə təmin edilməsi mümkün olmamışdır. Həmçinin, icra məmuru tərəfindən borclunun icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsini təsdiq edən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs MKMnin direktoru X12 tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs MKM-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MKM-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar