Məhkəmə qərarları › İş №3(011)-7973/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7973/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7973/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, X1 barəsində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28002569 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28002569 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, şikayətçi 17 may 2025-ci ildə tarixdə əsassız olaraq **-ZM-*** nişanlı maşını ilə hərəkətdə olarkən İXM 327.1-1-ci maddəsi ilə cərimələnmişdir. Bugünə qədər ünvanına inzibati protokola və qərar dair məktub göndəriİməmişdir. İndiki tarixədək çoxsaylı şikayət etmiş, şikayətlərini hər dəfə əsassız geri qaytarılır, ancaq həmin qərarlar elektron məhkəmə sisteminə yerləşdirilmir. DYPİ qərarı ona təqdim etmir, bu əsasla ərizənin geri qaytarılması əsassızdır və süründürməçilikdir. İnzibati xətalar məcəlləsində (ixm fəsil 7, 128- 137-ci maddələr) qərar şikayətə əlavə edilməlidir kimi tələb də yoxdur. Müvafiq qərarı dəfələrlə DYPİ-dən tələb etsə də, buna məhəl qoyan yoxdur, ona görə şikayətinə SMS RADAR mobil tətbiqindən həmin cəriməyə dair müvafiq çıxarışı şikayətinə əlavə edir. Həmin gün H.Aslanov metrosu tərəfdən ən sağ zolaqla Xətai rayonu, Gəncə prospektinə hərəkət edib, prospektin ən sağ zolağına çıxmışdır, bu zaman həmin zolaqdan sol tərəfə hərəkət etmək istəsə də, həmin istiqamətdə çoxlu sayda maşınların fasiləsiz hərəkətinə görə v şikayətçi ilə birlikdə Xudu Məmmədov küçəsindən həmin istiqamətdə hərəkət edən maşınların çoxluğuna görə (dayanmadan səs siqnalları verilirdi) olduğu avtobus zolağından sol zolağa çıxa bilməmişdir və maşınların ümumi hərəkətinə çətinlik, əngəl olmamağı üçün, hər hansı ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan sol zolaqla təxminən 20 metr hərəkət edib, irəlidəki ən yaxın sol zolağa keçidə icazə verən qırıq xətt olan sahədən (Sərhəd qoşunları akademiyasının qarşısı) sol zolağa keçmişdir. Yəni, qanunun tələbi etdiyi kimi hər hansı ümumi nəqliyyat vasitəsinin reallıqda faktiki olaraq maneə yaratmamışdır. Videoyazıya baxılsa dediklərinin təsdiqini görmək olar. Qanunda həmçinin nəqliyyat vasitəsi ən yaxın və ya birinci qırıq xətdən sol zolağa keçilməlidir kimi göstərişi yoxdur, bu boşluqlar DYP tərəfindən neqativ praktikanin tətbiqinə rəvac verir. Xahiş edir göstərilən EQ 28002569 nömrəli inzibati protokolu və qərarın ləğvini xahiş edir. Bu keçən müddət ərzində maşını üzərinə həbs də qoyulmuşdur, odur ki, ərizəsinə təcili baxmaqla yekunda həmin həbsin də ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 lazımi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28002569 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “Honda Pilot” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 17:44-də Gəncə pr, Fəridə şadlıq sarayının qarşısında 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi aşkar edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin sistemindən əldə edilmiş TŞ görüntüləri ilə müəyyən edilir ki, X3 məxsus “Honda Pilot” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17:44-də Gəncə pr, Fəridə şadlıq sarayının qarşısında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəməyə səlahiyyətli orqan tərəfindən videogörüntü təqdim edilmiş, həmin videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda hərəkət etmişdir. Məhkəmə hesab edir ki, X2 idarə etdiyi avtomobil “07:00-22:00” qadağan edici nişanına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olduğundan qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28002569 saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28002569 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar