Məhkəmə qərarları › İş №3(011)-8/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Baş X4 İdarəsinin 17 dekabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X4 İdarəsinin 17 dekabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, ona məxsus **-TL-*** nömrəli avtomaşına yanlışlıqla BYPİ nəzarət kamerası vasitəsilə sürücülük vəsiqəsi olmadan idarə edildiyinə görə inzibati xəta qeydə alınmışdır. Öncə 100 azn sonra təkrar 300 azn və yenə 300 azn bütövlükdə 700 azn məbləğində cərimə edilmişdir. Həmçinin cərimə qüvvədə olduğu müddətdə texniki baxışdan keçməyi mümkün olmamışdır. Çünki cərimə tam ödənilməli idi. Mütəmadi olaraq yenidən təkrarlanan hər biri 50 azn olmaqla texniki baxışdan keçmədiyinə görə cərimələr yazılmışdır. DİN-in məlumat bazasında 3-13-16/1-Q- 1589xx/xx/2023 nömrəsi ilə qeydə alınmış müvafiq ərizəsi ilə müəyyən müddətdən sonra 700 azn cərimə silinsə də texniki baxışdan keçmədiyinə görə cərimələr ləğv edilməmişdir. Beləliklə tamamilə anlaşılmazlıqla hal-hazırda cərimələrə məruz qalmışdır. BYPİ-nin yanlışlıqla tərtib etdiyi və onun səhvindən olmayan barəsində qəbul edilmiş 18551521 saylı xx.xx.2023 tarixli inzibati xəta haqqında qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş X4 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 17 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin 17 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X2 17 dekabr 2023-cü il tarixdə saat 00:27-də «RENAULT MEGANE MİNİK» markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə inzibati xətasını törətmişdir. Bununla da, X2 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 barəsində İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xəta barədə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilib edilməməsini məhkəmə iclasında araşdırmaq mümkün olmadı. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-in 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunmasına dair elektron qərarın qəbul edilməsi zamanı inzibati qanunvericiliyin normalarına düzgün əməl edilib edilmədiyini, yəni təsdiq edilmiş elektron qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilib göndərilməməsini müəyyən etmək üçün iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair 17 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri X4 İdarəsinə tapşırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 17 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar