Məhkəmə qərarları › İş №3(011)-80/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-80/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-80/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə mətbu orqanda və ya internet səhifəsində 2022-ci ildə dərc etdirməmişdir və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC "xxxx" QSC-nin törəmə müəssisəsidir. Payın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" QSC tərəfindən Şəxs MMC-nin təsisçilərinin nizamnamə kapitalındakı payları notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən alınmış, alqı-satqı baş verəndən sonra Şəxs MMC-nin nizamnamə kapitalının 100%-i "xxxx" QSC-nin mülkiyyətində hesab edilmişdir. "xxxx" MMC audit xidmətlərinin göstərilməsinə dair razılaşmaya əsasən "xxxx" QSC-nin 31 dekabr 2021-ci il tarixdə konsolidə edilmiş maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirməsinə dair rəy verilmişdir. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixə maliyyə hesabatı “Xalq” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında dərc etdirilmişdir. Əməldə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində inzibati xəta haqqında işlər üzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş payın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" QSC tərəfindən Şəxs MMC-nin təsisçilərinin nizamnamə kapitalındakı payları notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən alınmış, alqı-satqı baş verəndən sonra Şəxs MMC-nin nizamnamə kapitalının 100%-i "xxxx" QSCnin mülkiyyətində hesab edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, "xxxx" QSC-nin 31 dekabr 2021-ci il tarixdə konsolidə edilmiş maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından düzgün əks etdirməsinə dair rəy verilmişdir. İş materiallarına əlavə edilmiş “Xalq” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışından görünür ki, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixə maliyyə hesabatı dərc etdirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, hüquqi şəxsin nümayəndəsinin izhatını və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Mühasibat uçotu haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən Şəxs MMC-nin təsisçilərinin nizamnamə kapitalındakı payları notarial qaydada bağlanmış alqısatqı müqaviləsinə əsasən alınmış, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixə maliyyə hesabatı “Xalq” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında dərc etdirilmişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar