Məhkəmə qərarları › İş №3(011)-804/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-804/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-804/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs QSC (VÖEN **********) xx xxxxxx 2020-ci il tarixdə Rusiya Federasiyasından **********02716 nömrəli mal qeydiyyat kodu ilə 28810059 nömrəli vaqonda idxal edilmiş “ammonium dihidrogenfosfat” yükünə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Buna görə də Şəxs QSC barəsində xx xxxxxx 2020-ci il tarixli 01400-1601/20 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şimal Ərazi Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda göstərilənlərin əksinə olaraq, Cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasından **********02176 nömrəli mal qeydiyyat kodu və 28810059 nömrəli vaqonda idxal edilmiş “ammonium dihidrogenfosfat” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmişdir. Sadəcə olaraq, tərəflərindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********6515 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında (sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirilməsi) vaqon nömrəsi texniki səhvlik ucbatından 28810059 əvəzinə 29903001 kimi göstərilmişdir. Gömrük orqanına təqdim olunan yük müşayiətedici sənədlərə nəzər yetirdikdə görünür ki, vaqonun nömrəsi 28810059, qaimə nömrəsi isə 29903001-dir. Lakin, bəyannaməni tərtib edən və Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 0002 nömrəli ixtisas attestatına malik olan broker texniki səhvə yol vermiş və bəyannamənin 21ci qrafasında vaqon nömrəsi yerinə, qaimə nömrəsini qeyd etmiş və elektron formada gömrük orqanına yollamışdır. İnzibati xəta haqqında icraat aparılan zaman, Cəmiyyətin nümayəndəsi X3 göstərilən məsələni gömrük əməkdaşlarının diqqətinə çatdırmış və izahatında bildirmişdir. Lakin, məlum olmayan səbəblərdən gömrük orqanı əməkdaşları təqdim olunan qısa idxal bəyannaməsi və yük müşayiətedici sənədləri tədqiq etməmiş və Şəxs QSC tərəfindən qısa idxal bəyannaməsinin vaxtında verilməməsi əsası ilə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Qanunvericiliyin müddəalarına əsasən, İXM-nin 485.2-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyət qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmədiyi təqdirdə yaranır. Lakin, bu halda qısa idxal bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilmişdir, sadəcə bəyannamənin 21-ci qrafasındakı məlumatlarda nəqliyyat vasitəsinin nömrəsi yerinə, yanlışlıqla qaimə nömrəsi yazılmışdır. Bu hal isə, Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinin pozulması kimi qəbul edilməməli və dolayısı ilə, İXM-nin 485.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmamalıdır. Belə ki, qanunverici öz müddəalarında belə halları da nəzərə almış və Gömrük Məcəlləsinin 115-ci maddəsi ilə bu məsələləri də əhatə etmişdir. Gömrük Məcəlləsinin 115.1-ci maddəsinə görə, bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına gömrük orqanları tərəfindən icazə verilir. Hazırki halda da, məhz qısa idxal bəyannaməsindəki məlumatlar düzgün tərtib olunmamışdır, bu isə ümumiyyətlə qısa idxal bəyannaməsinin təqdim edilməməsi kimi başa düşülə bilməz. Məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********6515 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs QSC İXM-nin 485.2-ci maddəsinin tələblərini pozmamış və mallar ölkə ərazisində gətirilmədən öncə həmin malların qısa idxal bəyannaməsini elektron formada gömrük orqanına göndərmişdir. Eyni zamanda həmin qısa idxal bəyannaməsinin ödənişləri də xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********6515 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, bəyannamənin 21-ci qrafasında (sərhəddən keçən nəqliyyat vasitəsinin eyniləşdirilməsi) vaqon nömrəsi 28810059 əvəzinə 29903001 kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş yük haqqında məlumatdan görünür ki, vaqon nömrəsi 28810059, qaimə nömrəsi isə 29903001 kimi qeyd olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilmişdir. Qısa idxal bəyannaməsində vaqon nömrəsinin texniki səbəbdən düzgün qeyd olunmaması qısa idxal bəyannaməsinin vaxtında verilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi faktı aşkar edilmir. Hüquqi şəxs Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar