Məhkəmə qərarları › İş №3(011)-8188/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8188/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8188/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə onun barəsində qəbul olunmuş inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3737/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X2 Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025 tarixdə F.X.Xoyski küçəsi, Gənclik Mail yaxınlığında idarə etdiyi **-VT-*** BMW 528i markalı avtomobil yol hərəkəti sıxlığı (tıxac) səbəbindən məcburi şəkildə dayanmışdır. Dayanma onun iradəsindən asılı olmayaraq baş vermişdir. Bu vəziyyətdən istifadə edən sərnişin avtomobili tərk etmişdir. Qeyd etmək istəyir ki, sərnişinin düşməsi üçün onun tərəfindən xüsusi dayanma və ya durma əməli baş verməmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi sərnişinin düşməsi faktını nəzərdə tutmur. Bu səbəbdən onun hərəkətləri həmin maddənin tərkibinə uyğun deyil və inzibati xəta hesab edilə bilməz. Üstəlik, onun avtomobilinin dayandığı zolaqda hərəkət tıxac səbəbindən həm sərnişinin düşməsindən əvvəl, həm də sonra tamamilə iflic vəziyyətində olmuşdur. Bu səbəbdən sərnişinin düşməsi arxada hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir göstərməmişdir. Hətta sərnişin düşdüyü zaman belə, onun avtomobilinin qarşısında dayanan nəqliyyat vasitəsi də irəliləyə bilməmişdir, çünki ümumi hərəkət bütövlükdə iflic vəziyyətində olmuşdur. Bundan əlavə, o, inzibati qərar barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ASANPAY sistemi vasitəsilə iki dəfə müraciət etmişdir. 25 iyul 2025-ci il tarixində 3-13-16/1 -Q-1486xx/xx/2025 nömrəli şikayəti qeydə alınmış, lakin cavabsız qalmışdır; 26 avqust 2025-ci il tarixində isə 13-16/1-Q-l48675/2-11/2025 nömrəli ikinci şikayətini təqdim etmişdir. Birinci müraciətinə cavab verilmədiyi üçün məcbur olub ikinci müraciəti yazmışdır. 2 sentyabr 2025-ci il tarixində ona elektron poçt (e-mail) vasitəsilə cavab göndərilmişdir ki, işi baxılmağa götürülmüş və işin gedişatı barədə məlumatlandırılacaqdır. Lakin 11 sentyabr 2025-ci il tarixində cavab almadığı üçün özü Nərimanov rayon X6 idarəsi ilə əlaqə saxlamış, müraciət nömrəsini təqdim etmişdir. Ona bildirilmişdir ki, onunla əlaqə saxlanılacaq. Həmin gün təxminən 2 saat sonra dəftərxananın əməkdaşı onunla əlaqə saxlayaraq qərarın ləğv edilməyəcəyini söyləmişdir. Məhkəmə iclasında iştirak edən X3 Zəki oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 13:49-da “BMW 528İ minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 13:49-da “BMW 528İ minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması göstərilmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 24 iyul 2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29467635 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar