Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-819/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X2 nümayəndəsi müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə X2 Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, barəsində Xətai RPİ-nin 37-ci PŞ-nin s/i Bayram Nəbiyev tərəfindən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol əsasında MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar ona təqdim edilməmişdir. Tərəfindən verilmiş sorğuya əsasən, DİN Bakı şəhər BPİ Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2021 -ci il tarixli sorğuya cavab məktubuna əsasən həmin qərarı əldə etmişdir. Sorğuya cavab məktubunu xx.xx.2021 -ci il tarixdə 37-ci PŞ-nin dəftərxanasından şəxsən əldə etmişdir. Protokolla müəyyən edilmişdir ki, guya X4 xx.xx.2020-ci il tarixdə saat 14:50-də “3 Qardaş” Marketdə xüsusi icazəsi olmadan satıcı kimi fəaliyyət göstərmiş, bununla da AR İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Halbuki, göstərilənlər həqiqəti əks etdirmir. Protokol tamamilə qanunsuz və heç bir əsas olmadan, vətəndaşın hüquqları pozulmaqla tərtib edilmişdir. Göstərilən maddənin tələblərinə tərəfindən tam əməl olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində saat 14:00-radələrində Xətai rayonu UPD qəsəbəsi, A.Novruzov 29 ünvanında yerləşən “3 Qardaş market”-də öz işini qanuni icra edən zaman 2 polis nəfəri mağazanın girişindən daxil olaraq mağazanın arxa tərəfinə səssizcə gələrək kim olduqlarını soruşmuş. Onlar isə bu marketin işçiləri olduğuqlarını bildirmişlər. Hər iki polis nəfəri tibbi maskadan düzgün istifadə etdiklərinin şahidi oldular. Daha sonra icazə.egov.az saytında icazəsinin olub-olmadığını yoxladılar. Yoxladıqdan sonra həqiqətən işləmək üçün icazəsinin olduğunu bildirdilər. Bu radələrdə sahə inspektoru Emin Hüseynov mağazaya daxil oldu. Tibbi maskadan düzgün istifədə etməyinə və işləmək üçün icazəsinin olduğuna baxmayaraq əsassız və qanunsuz olaraq İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etdi. Halbuki, onun icazə.e-gov.az saytında mağaza satıcısı kimi ölkə ərazisi üzrə icazəsi vardır. Göründüyü kimi, tərəfindən hər hansı qanun pozuntusu törədilmədiyi halda, inzibati məsuliyyətə cəlb olunmağı tamamilə əsassız və qanunsuzdur. Polis əməkdaşının əsassız iradı ondan ibarətdir ki, Bağırzadə Əli satıcı olduğu halda nəyə görə kassada durur?! Halbuki, bu, tamamilə əsassız iraddır və polis əməkdaşının səlahiyyətləri çərçivəsindən kənardadır. Polis əməkdaşı özünü Dövlət Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndəsi zənn edərək, vəzifə səlahiyyətlərini aşaraq, mağaza satıcısına əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsi üzrə fəaliyyət göstərmədiyini irad bildirmişdir. Protokolla razı olmadığından irad bildirmiş və protokolu imza etməkdən imtina etdi. Lakin protokolu imza etməyəcəyi halda bizi polis bölməsinə apararaq gecəni orda saxlayacaqları ilə hədə-qorxu gəldilər. Bu səbəbdən də protokolu məcburi şəkildə, etirazı olmasına baxmayaraq imza etdirdilər. Göründüyü kimi, polis əməkdaşları əsassız və qanunsuz olaraq işçiləri Polis Şöbəsinə aparacaqları ilə hədələmiş və AR İXM-nin 88-ci maddəsinin tələblərini pozmuşdurlar. Sonradan protokolun nömrəsini whatsapp vasitəsi ilə göndərərək təcili cəriməni ödəməyəcəyi halda həbs olunacağı ilə hədələdilər. Məcbur qalaraq, həbs olunacağından qorxaraq dərhal borc taparaq həmin cərimə ödəmişdir. Bundan başqa, hər 3 polis nəfəri müdiri Rəşaddan hörmət adı ilə pul tələb etdiyini eşitdi. Verməyəcəyi təqdirdə sahibkar kimi həbs ediləcəkləri ilə hədələdilər. Qanunun tələbindən də göründüyü kimi yüngülləşdirici hal belə tətbiq edilə bilsə də, heç bir qanun pozuntusu törətməmişəm, tam qərəzli şəkildə cərimə olunmuşam. Göründüyü kimi, barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə dair hər hansı əsas mövcud deyildir. Məhkəmə iclasında X2 müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 37-ci Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 37-ci Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai RPİ 37-ci Polis Şöbəsinin sahə inspektoru Bayram Nəbiyev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə saat 14:50-də xüsusi icazə olmadan “3 qardaş” marketdə satıcı kimi işləməsi faktı aşkar edilmişdir. iş materiallarına əlavə edilmiş Xətai RPİ 37-ci Polis Şöbəsinin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, X2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdən satıcı kimi işləməyə icazəsi olmuşdur. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 488 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilmişdir. Həmin Qərara əsasən aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 2.2.1. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 37-ci Polis Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, onun işləmək üçün icazəsi olduğu halda əsassız cərimə olunmuşdur. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-819/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-819/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver