Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-820/2021 01.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci ildə Rusiya Federasiyası, Yekaterinburq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 10 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqından materialdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə 22:20 radələrində “Ukrayna” dairəsi yaxınlığında piyada keçidindən istifadə etməyib yol hissəsindən keçib yol hərəkət iştirakçılarına maneə törətdiyi üçün polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, törətdiyi qayda pozuntusunu izah etmişlər, o, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyərək əl-qol hərəkətləri ilə tabesizlik göstərməyə başlamış, telefonla çəkiliş aparmaq istəmişdir. Şəxs tabesizlik göstərdiyi üçün Polis Bölməsinə dəvət olunmuşdur. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru X6 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə 22:20 radələrində “Ukrayna” dairəsi yaxınlığında xidmət aparan yol patrul əməkdaşlarını videogörüntü vasitəsiylə çəkdiyi üçün polis əməkdaşları yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. O, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyərək tabesizlik göstərmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, tələbə olmasını, olimpiya oyunlarında basketbolçu kimi iştirak etməsini, bir daha belə halın baş verməyəcəyini qeyd edərək həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai rayon Dövlət Yol Polis Şöbəsi yol-patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə 22:20 radələrində “Ukrayna” dairəsi yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olan zaman bir şəxs piyada keçidindən istifadə etməyib yol hissəsindən keçib yol hərəkət iştirakçılarına maneə törətdiyi üçün yaxınlaşıb özlərini təqdim etmişlər, törətdiyi qayda pozuntusunu izah etmişlər, o, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyərək əlqol hərəkətləri ilə tabesizlik göstərməyə başlamış, telefonla çəkiliş aparmaq istəmişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Tabesizlik göstərdiyi üçün Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə onun xx xxxxx 2000-ci ildə Rusiya Federasiyası, Yekaterinburq şəhərində anadan olmuş Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai rayon Dövlət Yol Polis Şöbəsi yol-patrul xidməti inspektoru X1 Elçin Vaqif oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan AZA 002985 saylı xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında görünür ki, Şəxs Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi – basketbol ixtisasında təhsil alır və 3-x xxxx 2017-ci il tarixdə Olimpiya oyunlarında basketbol üzrə Azərbaycanı təmsil etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, şahidlərin izahatını, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, əməlindən peşman olduğunu və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-820/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-820/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver