Məhkəmə qərarları › İş №3(011)-8222/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8222/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8222/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxslər X1 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 24 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra vərəqəsi, 6 saylı Notariat Kontorunun 8İ-7569 nömrəli, xx.xx.2024-cü il tarixli və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydləri üzrə olan borc məbləği Şəxs tərəfindən ödənilməlidir. Lakin borclu icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam olaraq təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin, əvvəllərdə onun barəsində borcunu ödəməkdən yayındığı üçün inzibati xəta haqqında protokol tərtib olunaraq məhkməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra vərəqəsi, 6 saylı Notariat Kontorunun 8İ-7569 nömrəli, xx.xx.2024-cü il tarixli və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərindən xəbəri olmuşdur. Borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq anasının və övladlarının xəstəlikləri, kirayə yaşaması və maddi imkanı zəif olduğundan icra sənədləri üzrə yaranmış borcunu tam olaraq ödəyə bilməmişdir. Bu vaxtadək borcundan müəyyən ödənişlər etmişdir, lakin hal-hazırda borcunu tam olaraq ödəmək iqtidarında deyil. O, dəfələrlə borcunun hər ay hissə-hissə ödənilməsi ilə bağlı tələbkara təkliflər irəili sürmüş, lakin sonuncu ona işi icra məmuru ilə həll etməsini bildirmişdir. Beləliklə o, göstərilənlərə əsasən, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən vaxtında ödənilməmişdir. Beləliklə o, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, 6 saylı Notariat Kontorunun 8İ-7569 nömrəli, xx.xx.2024-cü il tarixli və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərinə əsasən cavabdeh Şəxs ümumilikdə 16050 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Beləliklə o, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşdığı bildirərək onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-2482 nömrəli icra qeydindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixədək olan müddət üçün vaxtında ödənilməmiş 11000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11025 manat məbləğində pulun X6 xeyrinə tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir; Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-7569 nömrəli icra qeydindən görünür ki, cavabdeh Şəxs vaxtında ödənilməmiş 5000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5025 manat məbləğində pulun X6 xeyrinə tutulması qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 6 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu saziş bağlandığı gündən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq müvafiq ayın sonuncu gününədək X1 adına açdırdığı bank hesabına ödənilməsi, 19 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş (2023-cü il üçün 220 manat) məbləğ artarsa (230 manatdan artıq olarsa), ödəniş günü üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdə pul vəsaitinin X1 adına açdırdığı bank hesabına ödənilməsi qərara alınmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-2132/2025 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxslərin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydləri və məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 6 saylı Notariat Kontorunun və 50 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydlərinin, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1167/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs icra sənədlərində göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs Bakı şəhəri 50 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən cəmi 11025 manat məbləğində pulun, Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən cəmi 5025 manat pulun tutularaq X6 xeyrinə ödənilməsinin, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1167/2024 saylı icra sənədinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs bugünədək olan borcunu tam olaraq ödəməmişdir. Bu hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmiş şəxslərin Şəxs cərimə cəzasının tətbiq edilməsini xahiş etmələrini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar